Elmar Məmmədyarov Hindistan xarici işlər nazirinin müavinini qəbul edib

28.07.2016 20:20     Sosreaksiya     1025

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Hindistan xarici işlər nazirinin müavini xanım Sujata Mehtanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında siyasi, iqtisadi, kənd təsərrüfatı, yüksək texnologiyalar, əczaçılıq, elm-təhsil və humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Görüşdə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin həyata keçirilməsi və bu layihələrin regionlararası əməkdaşlığa töhfəsi barədə fikir mübadiləsi aparılıb. Söhbət əsnasında həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, humanitar, mədəniyyət və təhsil sahəsində əlaqələrin təşviqi, qarşılıqlı mədəniyyət günlərinin təşkil olunması, universitetlərarası müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi kimi məsələlər müzakirə olunub.

 

Səfər çərçivəsində Azərbaycan və Hindistan xarici işlər nazirlikləri arası siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib. Məsləhətləşmələrdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov, Hindistanı isə xarici işlər nazirinin müavini xanım Sujata Mehta təmsil edib.

 

X. Xələfov ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni-təhsil, kənd təsərrüfatı, kommunikasiya texnologiyaları və digər sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu bildirib. Parlament diplomatiyasının inkişafının əhəmiyyətinə toxunan X. Xələfov iki ölkənin parlamentariləri arasında təmasların artırılmasının vacibliyini vurğulayıb.

 

Ermənistan-Azərbaycan münaqişəsi haqqında danışan X. Xələfov sözügedən münaqişənin regionda sülhə və təhlükəsizliyə ciddi təhdid yaratdığını bildirib. O, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, münaqişənin həllinin yalnız Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində mümkün olduğunu bildirib.

 

S. Mehta ölkəsinin Azərbaycanla bütün sahələrdə, xüsusilə iqtisadi və enerji sahələrində sıx əməkdaşlıq etmək niyyətini ifadə edərək, iki ölkə arasında siyasi dialoqun davamlı olmasında Hindistanın da maraqlı olduğunu nəzərə çatdırıb. O, enerji sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edərək, Hindistan şirkətlərinin Azərbaycanla əməkdaşlığa maraq göstərdiklərini bildirib. Xüsusilə, kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə “İnformasiya Texnologiyaları Mərkəzinin yaradılması”nın mümkünlüyünü diqqətə çatdırıb.

 

Xanım diplomat ölkəsinin Şimal-Cənub nəqliyyat dəhlizini dəstəklədiyini və bu layihənin sürətləndirilməsi və həyata keçirilməsi istiqamətində Azərbaycanın gördüyü işləri alqışladığını söyləyib.

 

S. Mehta Hindistanın Azərbaycanın ərazi bütövlüyü, suverenliyini tam şəkildə dəstəklədiyini ifadə edərək, ölkəsinin Ermənistan-Azərbaycan münaqişəsinin ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə dinc yolla həllinə tərəfdar olduğunu qeyd edib. O, Azərbaycanın regionda sülh, sabitlik və enerji təhlükəsizliyinin təmin olunmasında verdiyi töhfələrin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini xüsusi vurğulayıb.

 

Reaksiya.az

 

Şərhlər

Çox oxunanlar