Sabir Fondu Şuranın dəstəyilə Sumqayıt gənclərinə master-klass təşkil edib - FOTOLAR

30.07.2016 09:00     Sosreaksiya     1123

Mirzə Ələkbər Sabir Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Gənclər üçün fərdi inkişaf təlimlərinin yeni model texnologiyalarla (NLP, Yaşam Kouçluğu, time-menecment, personalogiya və s.), habelə  youtube, vebi-nar, skype konfransla keçirilməsi” adlı layihəsi çərçivəsində Sumqayıtda master-klass keçirib. 
 
 
qhtxeber.az-a verilən məlumata görə, gənclərin, digər təbəqələrdən olan müxtəlif peşə sahiblərinin qatıldığı tədbirdə Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli çıxış edərək Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə həyata keçirilən layihə haqqında ətraflı məlumat verib. O bildirib ki, bu təlimlərdə gənclər kütlə qarşısında nümunəvi çıxış etmək, qan qrupundan asılı xarakterin necə dəyişdiyini öyrənmək, qarşı tərəfi qan qrupuna görə tanıya bilmək, ailə daxili münasibətlərin insan xarakterindən necə asılı olduğu və ailədəki münaqişələrin uşaqlara təsiri barədə məlumatlar əldə etmək, NLP texnikalardan istifadə etməklə mükəmməl ünsiyyət qurmaq, vaxtın idarə olunması (time menecment), karyera qurmaq istəyənlər üçün iş müsahibələrinə hazırlıq, effektli CV və rezumelərin yazılma bacarıqları əldə edəcəklər. Bu təlimlərin daha geniş auditoriyanı əhatələməsi üçün youtube kanalında xüsusi akkaunt yaradılıb və məlumatlar, seminar məlumatları izləyicilərə fasiləsiz yayımla təqdim ediləcək. 
 
Sonra təlimçi Sənan Nəcəfovun təqdimatında kütlə qarşısında çıxış zamanı həyəcanın aradan qaldırılması, çıxış zamanı jest, göz kontaktları, mimika və səs tempinə diqqət yetirilməsi, diqqətçəkici, maraqlı, təsiredici çıxış qurmaq, bədən dili, NLP ilə mükəmməl ünsiyyətin qurulması, özünü təqdimetmə haqda peşəkar təlim standartlarına uyğun dərs keçib. Sumqayıt gənclərinin maraqla izlədikləri seminar vorkşoplar, təlim oyunları ilə müşaiyət olunub. 
 
Bundan başqa, Sevda Tahirli qan qrupları və onun insanlara təsiri, qan qrupları vasitəsilə insan psixologiyasının öyrənilməsi, ünsiyyət qurmaq, qan qruplarına münasib vəzifələrdə çalışmaq, ailə qurmaq haqqında ətraflı danışıb, seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırıb. 
 
Xatrıladaq ki, bu layihə üzrə növbəti ustad dərsi Şirvan şəhərində keçiriləcək.

Şərhlər

Çox oxunanlar