"Eqonun miqdarını bilmək lazımdır" - Xəyal Abdullayev
30.07.2016 11:12 Sosreaksiya 1232
Eqo həyatımızda ən önəmli və əhəmiyyətli amillərdən biridir. Bu yazıda eqo məsləsinə toxunmağımın başlıca obyektiv səbəb və əsasları var. Bu əsas səbəblərdən biri də bir çox insanın həyatda eqo haqqında tamamilə yanlış təsəvvürdə olması, beyinlərdə eqonun “şeytan simvolu” olması kimi miflərin hələ də yer almasıdır. Eqo qədim yunan və latın sözü olub (Εγώ , lat. ego — «mən»), ətraf aləmlə duyğu vasitəsilə əlaqə yaradan və "mən" kimi qəbul edilən insan şəxsiyyətinin bir hissəsidir. Eqo nədir? Eqo - insanın içərisindəki “mən” deyilən 2-ci bir varlığın adıdır. Əslində hər birimizin içərisində eqo var. Və müəyyən qədər də bu eqo olmalıdır. Eqo yaxşı bir şeydir, çünki insanı irəli aparan şey varsa hər şeydən əvvəl olaraq o eqo və iddiadır. Eqo və iddia olmazsa insan heç bir yerdə əsla özünü təsdiq edə bilməz. Bu baxımdan eqonun rolu həyatımızda olduqca əhəmiyyətlidir. İddia da həmçinin eqo ilə bərabər həyatımızda çox önəmli faktorlardan biridir. Hər şeydən əvvəl olaraq hər bir insanın bu həyatda nəyəsə iddiası olmalıdır. İddiası olmayan insan sadəcə ölü insan kimidir və cəmiyyətə heç bir faydası ola bilməz. Odur ki, bəşəriyyət yaranandan bu günə kimi insanlar hansısa iddia və özünütəsdiq sayəsində cəmiyyətə sonsuz sayda xeyir və faydalar vermiş, verir və verəcəkdir. Bu məsələlərə nə qədər bu cür pozitiv tərəfdən yanaşsaq bir o qədər bizim xeyrimizədir. Kimlərsə yaxşı həkimliyə, kimlərsə yaxşı polisliyə, kimlərsə yaxşı müəllimliyə, kimlərsə yaxşı iqtisadçıya, kimlərsə yaxşı vəklilliyə, kimlərsə yaxşı aparıcıya, kimlərsə yaxşı şairliyə və yazıçılığa, kimlərsə yaxşı alimliyə, kimlərsə yaxşı tənqidçiyə, kimlərsə yaxşı təlimçiyə, kimlərsə yaxşı satıcıya iddialıdır. Və bu kimi hər bir sahədən olan insan olduğu sahənin içərisində işinin ən yaxşı mütəxəssisi, ən yaxşı sənətkarı olmaq istəyər. Məsələn bu günə kimi həkimlər iddialı olmaqla və eqolarını qorumaqla milyonlarla insanı sağaltmış, onları ölümdən xilas etmiş, həyata qaytarmış, bu günə kimi polislər və mühafizə işçiləri neçə min yerdə milyonlarla təhlükəli halları təhlükəsiz vəziyyətə gətirmiş, insanların sağlam yaşamasını və həyat rifahını təmin etmişdir (söhbət tək Azərbaycandan deyil, bütün dünyadan gedir), bu günə kimi yer üzündə milyonlarla yaradıcı və elm adamı (yazıçı-şair, təlimçi, alim, rəssam, bəstəkar və s.) yaradıcı eqo, həyata iddialılıq və özüntəsdiq sayəsində milyardlarla insanı maarifləndirmiş, onlara elm öyrətmiş, estetik cəhətdən tərbiyələndirmiş, hisslərini itiləşdirmiş, neçə milyonlarla müəllim uşaqlıqdan tutmuş ta ki ölənə qədər milyardlarla insana (məktəblərdə, liseylərdə, universitetlərdə və s.) elm öyrətmiş, onlara yazmağı-oxumağı öyrətmişdir. Və sairə bu kimi bəşəriyyətə sonsuz sayda xeyirli və faydalı olan əməlləri sadalaya bilərik. Eqonun müsbət cəhətlərini biz bunlardan əlavə başqa misalları da göstərə bilərik. Yoxsa ki, əgər bu insanlarda müəyyən qədər eqo və iddia olmasaydı bu gün heç bir inkişafdan, tərəqqidən, təkamüldən, proqressiyadan, artımdan gedə bilməzdi. Eqo və iddia olmasaydı bu günə kimi minlərlə olan kəşflərin və ixtiraların heç biri ola bilməzdi. Kitab, telefon, kompüter, sputnik, maşınlar, gəmilər, təyyarələr, ağıllı telefonlar, planşetlər, elektron kitablar və s. bu kimi faydalı vasitələr hamısı iddia və eqonun sayəsində ixtira edildi. Bütün bunlar onu göstərir və sübut edir ki, bəşəriyyəti bu günə qədər inkişaf etdirən ən böyük 3 qüvvə eqo, nəyəsə iddialılıq və özünütəsdiq durur. Lakin bir məsələ var ki, mütləq onu söyləmək lazımdır. Bu məsələ ondan ibarətdir ki, insan gərək eqo məsələsində hər zaman həddini bilsin. Bu baxımdan orta mövqedə durmaq daha məqsəduyğundur. Eqo məsələlərində elə ən ideal mövqe də orta mövqedir. İnsan öz eqosunu ətrafdan gələn hər cür psixoloji-mənəvi, fiziki-əxlaqi zərbələrdən, hər cür demotivasiyalardan (həvəsdənsalmalar) qorumalıdır, lakin hər bir insan bununla bərabər başqasının da içindəki eqosuna və nəyəsə olan iddiasına hörmətlə yanaşmalıdır. Yox əgər insan öz eqosuna sahib çıxa, onu idarə edə və ya cilovlaya bilməzsə o zaman o eqo onun başının bəlasına çevrilər. İnsan əgər içindəki eqonun enerji səviyyəsini cilovlaya bilməzsə bu zaman artıq başqalarının eqosuna toxunmuş və onu zədələmiş ola bilər. Elə ünsiyyət zamanı baş verən qəzaların yaranmasının 70 % - indən çox səbəbi eqo əzilməsidir. Bir tərəf qarşı tərəfin eqosunu zədələyir və nəticə də münasibətləri param-parça edir. Həyatda ən böyük səhvlərdən, hətta deyərdim ki, böyük günahlardan biri kiminsə qəlbinə dəyib onun eqosunu zədələməkdir. Çünki eqosu zədələnən insan bir növ həyatdan küsmüş və özünə, öz potensialına olan inamını itirmiş kimidir. Əgər bir insanın eqosunu zədələmisinizsə sanki bir balta götürüb onu 2 yerə ayırımısınız. Bunu heç vaxt unutmayın. Eqosu zədələnən insanın həyata marağı və həvəsi də sönmüş kimi olur. Nəticədə özünü qiymətləndirməsi də aşağı düşmüş olar. Hətta bəzi insanlar vardır ki, öz eqolarını heç vaxt cilovlamazlar, hər zaman onu qidalandırarlar. Belə olduqda insanın eqosu baş qaldırıb getdikcə ifrat dərəcəsinə çatar və insanı qatı eqoist edər. İnsan eqoistləşər və darqəlbli, yalqız, bədniyyət bir bayquşa çevrilər. Eqonun simptomları Əgər hər hansısa bir dostunuz yanınızdan keçib sizə salam vermirsə eqonuz həmin dəqiqə baş qaldırar: “Əgər o məni sayıb salam vermirsə mən onu heç dünəndən saymıram” deyir. Əgər hansısa bir dostumuz bizə yazmır və axtarmırsa eqomuz deyir: “Əgər o məni axtarmırsa mən onu heç dünəndən axtarmıram. O mənə yazmırsa mən ona niyə yazmalıyam ki?” deyir. Əgər hər hansısa bir məclisdə küsdüyümüz hansısa bir adam bizimlə danışmırsa eqomuz deyir: “Əgər o məni danışdırmırsa mən onu niyə danışdırmalıyam.” və s. bu kimi bir çox amilləri göstərə bilərik. Bu cür eqolar insana həmişə ilk addımı atmaqda və təşəbbüs göstərməkdə böyük maneçilik törədər. Və əslində insana zərərdən, soyuqluqdan, nəticəsizlikdən başqa heç nə gətirməz. İnsana hər zaman çəkisi ağır olan duyğular gətirər. Bu cür neqativ duyğular insanı inkişafdan saxlayar. Bu cür lazımsız eqonu öldürməyin ən sadə yolu isə sevgi-məhəbbətdir.Çünki eqo olan yerdə sevgidən, məhəbbət olan yerdə isə eqodan söhbət gedə bilməz. İnsanlar bəzən fərqində olmadan insanların əməllərinin nəticəsinə deyil də, daha çox onların özlərini aparmalarına və davranışlarına meyl edir, bu cür yanaşma isə nəticəni – ortaya qoyulan işin faydasını görməkdən onları uzaq edər. Və bəzi insanlar hələ də kimlərinsə eqosunu zədələməyə və onu öldürməyə meyl edir. Bu isə mənasız, boş və məqsədsiz insanların sərgilədiyi davranışlardır və yaradıcı insanı bu cür insanlardan nə qədər uzaq dursaq bəşəriyyətə - insanlara o qədər xeyir vermiş olar.
Şərhlər