Nazir iranlı həmkarı ilə görüşüb
01.08.2016 22:29 Sosreaksiya 826
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nazirlikdə keçirilən görüşdə telekommunikasiya və poçt sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, regional layihələrdə birgə iştirak, "Elektron hökumət" modelinin inkişafı üçün təcrübə mübadiləsinin intensivləşdirilməsi, sərhədyanı ərazilərdə radio tezliklərin tənzimlənməsi, kibertəhlükəsizlik, peyk, mobil rabitə və internet xidmətləri sahələrində əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Qonaqları salamlayan rabitə və yüksək texnologiyalar naziri R.Quluzadə həmkarı ilə ilk görüşündən ötən müddət ərzində ölkələr arasında rabitə və yüksək texnologiyalar sektorunda həyata keçirilən işlərin sürətləndirildiyini bildirib. Nazir İranın özəl İT şirkətlərinin Azərbaycanın İKT sektoruna cəlb edilməsinin məqsədəuyğun olduğunu qeyd edərək, bunun üçün "Bakutel" beynəlxalq informasiya texnologiyaları sərgi-konfransının uğurlu platforma olduğunu diqqətə çatdırıb. Nazir internet trafikinin ötürülməsi istiqamətində uğurlu təcrübənin olduğunu vurğulayaraq, kibertəhlükəsizliyin təmin olunmasında da əməkdaşlığın zəruriliyini qeyd edib.
Öz növbəsində M.Vaezi rabitə və yüksək texnologiyaları sahəsi üzrə əlaqələrin daha da genişləndirilməsindən məmnunluğunu ifadə edib. O bildirib ki, qarşılıqlı əməkdaşlıq beynəlxalq təşkilatlarda da ölkələrimizin bir-birini dəstəkləməsinə imkan verir. Nazir qeyd edib ki, ümumiyyətlə, sahə üzrə mövcud olan potensial imkanlardan geniş istifadə olunmalıdır.
Sonda görüş çərçivəsində müzakirə olunan məsələlərin mövcud İşçi Qrup tərəfindən qısa vaxtda icrasına başlanılması qərara alınıb.
Şərhlər