QAT İran səfirinə müraciət etdi
02.08.2016 15:36 Sosreaksiya 863
“İşğalçı Ermənistana bu cür jestin edilməsi Azərbaycan cəmiyyətində ciddi narahatlıq doğurub”
Qarabağ Azadlıq Təşkilatı (QAT) təbii qaz nəqli ilə bağlı İran səfirinə müraciət edib. Musavat.com-un xəbərinə görə, QAT İran qazının Ermənistan üzərindən Gürcüstana və Avropaya nəqlinə dair xəbərlə bağlı İranın Azərbaycandakı səfiri Möhsün Pakayinə müraciət göndərib.
Müraciətdə bildirilir ki, İranın işğalçı Ermənistanı dəstəkləməsi narahatlıqla qarşılanıb: “Mətbuatda gedən məlumatlara görə, İran hökuməti Gürcüstana və Avropaya təbii qaz nəqlini Ermənistan ərazisindən həyata keçirməyə dair qərar qəbul edib. Bu məsələ xeyli vaxt idi ki, gündəmdə idi, təbii qaz nəqlinin Azərbaycan üzərindən də həyata keçirilməsi müzakirə olunurdu. İqtisadçı ekspertlər Azərbaycan variantının daha səmərəli olduğunu deyirdilər.
Bundan başqa, məsələnin mənəvi tərəfi də mövcuddur. İşğalçı Ermənistana bu cür jestin edilməsi Azərbaycan cəmiyyətində ciddi narahatlıq doğurub. Biz həmişə İslam təəssübkeçliyi ilə seçilən, müsəlman ölkələrinin hüquqlarını müdafiə edən, dost və qardaş İrandan belə məsələlərdə xüsusi diqqətli olmasını gözləyirik. Biz bu qərarı işğalçı Ermənistanın dəstəklənməsi və güclənməsinə yardım kimi dəyərləndiririk. Bu məsələyə aydınlıq gətirməyinizi, bizim müraciətimizi və narahatçılığımızı İran rəhbərliyinə çatdırmağınızı xahiş edirik”.
Şərhlər