Cehiz mütləqdirmi?!... - ESKPERT RƏYİ

13.07.2015 15:43     Sosreaksiya     2724

Hazırda ölkəmizdə toy etmək, ailə qurmaq əvvəldən sonacan od bahasına başa gəlir. Elçilik, nişan, xınayaxdı, toy, həftəhamam və sair və ilaxır kimi bitmək bilməyən mərasimlərlə yola çıxan gənc ailənin sonrakı problemləri də acı bağırsaq kimi uzanır. Həmin problemlərdən ən başlıcası deyərdim ki, cehiz məsələsidir. Getdikcə cehizlə bağlı problemlər intihar həddinə qədər çatıb. Əlbəttə ki, bu heç də yaxşı hal deyil və sonu heç də yaxşı görünmür. Əfsuslar olsun ki, indi ailə quran gənclərin valideyinləri sanki cehiz yarışına çıxırlar. Kim daha çox cehiz verdi, kim daha bahalı cehiz verdi kimi gülünc rəqabətlər gedir ailələr arasında. Təəssüflər olsun ki, ən azından müqəddəs ailənin təməli qoyulan zaman belə valideyinlər lazımsız rəqabətlərə qoşulur, ayağını yorğanına görə uzatma prinsipinə əməl etmirlər. Xatırladaq ki, ailə müqəddəs bir məvhumdur və ailənin təməli də müqəddəs hisslər üzərində qurulmalıdır. Yeni ailənin qurulması zamanı evlənən cütlüklər, onların ailələri də maddi yox mənəvi dəyərlərə üstünlük verməlidirlər. Ölkəmiz, insanlarımız getdikcə daha çox avropalaşır, müasirləşir, düşüncələri yenilənir. Bu aspektdən götürəndə zaman keçdikcə bu tip problemlər azalmalıdır, amma əksinə olaraq daha da artır, daha geniş vüsət alır. Toydan qabaq ailələr lüks cehiz almaq üçün büdcələrini aşaraq kredit borclarına girir, sələmçilərdən pul götürür. Toydan pul yığıb ödəyərəm fikriylə yola çıxanların bəxti heç də həmişə gətirmir. Elə hallar olur ki, gəlinin qızıllarına, yaşadıqları mənzilə qədər satıb borclarını ödəməli olurlar. Ən yaxşı halda isə yeni evlənən gənclər ailənin şirinliyini dadmamış kreditin “zəhərinə” qonaq olmağa məcbur olurlar. Ömürləri boyu gecə-gündüz demədən işləyib kredit, borc ödəməyə məhkum olurlar. Getdikcə intihar hallarına belə səbəb olan cehiz mütləqdirmi?

Bu barədə,Reaksiya Ekspert Qrupunun(REQ) sədri, Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban xanım Zeynalovanın fikirlərini öyrəndik. “Cehiz məsələsi əslində daha çox qədim köklərlə bağlı adətdir. Keçmişdə qızlar öz yorğan- döşəklərini hazırlayar və ya xalı-xalçalarını toxuyardılar. Bu onların gələcək həyatlarına psixoloji hazırlıq mərələsi kimi qiymətləndirilirdi. Hər iki əşyalar insanda sabitlik və davamlılıq fikirini formalaşdırırdı. Sonrakı dövrlərdə ələlxüsus da sovet dönəmdində bu adət daha başqa forma almağa başladı. Umimiyyətlə isə cehiz daha cox yeni qurulan ailəyə ilkin dəstək məqsədi daşıyan bir adətdir. Yeni ailənin ilkin ehyitacları üçün vacib olan fərdi əşyaların dəstə üçün verilməsi və isifadəsi. Burda tibbi məqamdan tutmuş psixoloji məqamadək bütün məsələlər nəzərdə tutulub. Lakin cehizin ifrat istifadəsi yeni qurulan ailəyə dəstəkdən cox mənfi təsir göstərə bilər ki, bu da indiki halda daha çox özünü göstərir. Məsələn, yeni ailəyə tam bütün əşyaların alınıb verilməsi gələcək ailə quruculuğunda stimullaşmaya mane ola bilir. Bu nə deməkdir, yəni, yeni ailə “indi nəyə nail olaq” devizindən uzaq düşür. Cehiz ailə quran gənc qızın ailəsi üçün ciddi iqtisadi və psixoloji yükdür. Ailə başçısı bütöv olan və ya yarımçıq olan ailə üzvləri mütləq şəkildə digrələrindən geri qalmamaq üçün yarışa girir. Bəzi hallarda cehiz şirnikləndirici məqsəd də daşıya bilir. Yəni, mənim qızımın topdağıtmaz cehizi var 50 il hec nə almasan yaşaya bilərsən. Bu cur iqtisadi zorakılıq yükü altında olan, lakin digərlərindən fərqlənmək istəməyən valideynlər təbii ki, öz mənfi emosiyalarını ailə quran gənclərə yükləyirlər. Həmçinin, cehizə görə qız alıb sonra onun catışmayan əşyalarına görə gəlinə zorakılıq edən fərdlər də az deyil. Cehiz insan və əsas da qadın faktorunu inkar edir. Burada insanın insana hörməti və sevgisi yox daha çox əşyalaşma və ya cansızın canlı üzərində qəlibiyyəti diqqəti cəlb edir. Əşya canlı olan insandan daha əhəmiyyətlidirmi?! Göründüyü kimi bəzən ifrat adətlər cansızı canlıdan üstün tutmaqla insana verilən dəyəri yoxa cıxrır. İntiharın əsas səbəbi cehizin azlığı və ya olmaması deyil. Çansızın canlı üzərində qəlibiyyətinə etiraz nümayişdirir.” Mehriban xanımın mütəxəssis fkirlərindən yola çıxaraq sonda demək istəyirik ki, cansızın canlı üzərində etiraz nümayişinə tamaşa etməməkçün düzüncələrimizi dəyişməliyik. Əşyaların bizi yeməsinə imkan verməməliyik!

 

Şərhlər

Çox oxunanlar