Yol polisi sürücülərə MÜRACİƏT ETDİ

08.08.2016 13:19     Sosreaksiya     1009

Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsi yay mövsümündə ayrı-ayrı regionlara səyahətə çıxan, istirahət zonalarına dincəlməyə gedən insanların sayı artdığından yollarda nəqliyyatın hərəkət intensivliyini yüksəlməsi ilə bağlı sürücülərə yenidən müraciət edib.
 
Milli.Az bildirir ki, idarədən Trend-ə verilən məlumata görə, belə hərəkət zamanı yollarda təhlükəsizliyin təmin olunması və baş verə biləcək yol qəzalarının qarşısının vaxtında alınması məqsədilə Baş DYP İdarəsi sürücülərə diqqət yetirilməli bir neçə halı təkrar xatırladır:
 
"Səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilinizin texniki vəziyyətinə bir daha nəzarət edin, soyuducu sistemi olmayan nəqliyyat vasitələri ilə mümkün qədər günün nisbətən sərin vaxtlarında yola çıxın. Hərəkət zamanı təhlükəsizlik kəmərlərini təkcə sürücülər deyil, sərnişinlərin də bağlaması mütləqdir. Kəmərlərin bağlanmaması təkcə məsuliyyət yaratmır, həm də qəfil tormozlama və ya hər hansı toqquşma zamanı insan həyatı üçün yaranan təhlükədən qoruyur".
 
Baş DYP İdarəsi bildirir ki, rayonlararası magistral yollarda təhlükəsizliyin təmin olunması şərtlərindən biri də avtomobilin texniki imkanlarından asılı olmayaraq sürət rejiminə ciddi əməl etməkdir:
"Uzaq məsafəli səfər zamanı yuxusuz, yorğun, əzgin halda sükün arxasına əyləşməyin. Yola çıxmazdan hətta ən azı bir gün əvvəl alkaqollu içki qəbul etməyin. Belə halda siz yalnız özünüzü deyil, sərnişinlərinizi və digər hərəkət iştirakçılarını da təhlükə qarşısında qoya bilərsiniz. Mümkün qədər hər 3-4 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə də olsa avtomobilinizi saxlayıb istirahət edin. Bunun üçün respublika əhəmiyyətli yollarda yerləşən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərsiniz.
 
Yolboyu ötmə, manevretmə hərəkətlərini edərkən tələsməyin. Bu hərəkətlərə başlamazdan əvvəl qarşıdan gələn, eləcə də eyni istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkət sürətini düzgün hesablayın, arxayın olmadığınız, yanlış qərar verməyin.
 
Hörmətli sürücülər, unutmayın ki, əlinizdəki təkcə sükan deyil, həm də özünüzün və sərnişinlərinizin həyatıdır".
 
 

Şərhlər

Çox oxunanlar