Prezident baş nazirlə bağlı qərarını verdi

08.08.2016 21:11     Sosreaksiya     912

Konstitusiyaya dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək referendumdan sonra baş nazir Artur Rəsizadə 1-ci vitse-prezident postuna təyinat ala bilər. Bu barədə redaksiyamıza məlumatı hakimiyyətdəki mənbə verib. Mənbənin sözlərinə görə, indiki mərhələdə ölkə başçısı Ilham Əliyevin əsas məqsədi ikinci və üçüncü şəxslərin Milli Məclis tərəfindən təsdiq olunan deyil, təyinatlı olmasını təmin etməkdir:


“Vitse-prezidentlik institutunun yaradılması məhz bununla bağlıdır. Hazırki konstitusiyaya görə ölkənin ikinci şəxsi baş nazirdir. Lakin bu posta təyinat Milli Məclis tərəfindən təsdiqlənir. Ilham Əliyevdə isə hansısa səbəblərdən indiki parlamentə inamsızlıq var. Ona görə də prezidentin səlahiyyətlərini icra etmək hüququna malik ikinci və üçüncü şəxslərin təyinatlı olmasını istəyir”.

Ölkə başçısının Artur Rəsizadəyə üstünlük verməsinə gəlincə, mənbə bildirib ki, baş nazir digər hakimiyyətdəki digər fiqurlardan daha sözəbaxandır: “Uzun illərdir ki, Artur Rəsizadənin baş nazir olmasının əsas səbəbi də budur. Ilham Əliyev ölkənin ikinci şəxsinin iddialı fiqur olmasını istəmir. Çünki bu gələcəkdə onun üçün ciddi başağrısına çevrilə bilər. Amma Artur Rəsizadə kimi siyasi iddiası olmayan fiqur ölkənin ikinci şəxsi olması Ilham Əliyevin hakimiyyətinə heç bir təhlükə törətmir”.

Artur Rəsizadə birinci vitse-prezident təyin olunacağı halda bəs ölkənin baş naziri olacaq? Mənbə bu suala cavab olaraq iki məmurun adını çəkib. Onun sözlərinə görə, hazırda baş nazir postuna iki nəfərin şansı daha çoxdur. Bunlardan biri maliyyə naziri Samir Şərifov, digəri isə iqtisadiyyat naziri Şahin Mustafayevdir. Mənbənin ehtimalına görə, Ilham Əliyev bu iki namizəddən Samir Şərifova üstünlük verəcək: “Maliyyə böhranı ilə əlaqədar atılan addımlarda Samir Şərifov daha çox səlahiyyət sahibinə çevrilib. Maliyyə Bazarlarına Nəzarət Palatası, lombardlar, hətta nəqliyyat sektoru Samir Şərifovun nəzarətinə verilib. Bu da ölkə başçısının ona daha çox etimad göstərdiyini ortaya qoyur. Ona görə də hesab edirəm ki, Artur Rəsizadəni Samir Şərifov əvəzləyəcək”.

 

Reaksiya.az

 

Şərhlər

Çox oxunanlar