Sosial mənzillər mənzil bazarını nizama salacaq

08.08.2016 23:02     Sosreaksiya     1116

Uzun müddətdən bəri müzakirəsi aparılan sosial mənzil məsələsi, deyəsən, həllini tapır. Belə ki, artıq ilk şəhərciyin salınacağı ərazi müəyyən edilib. Vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə inşa olunacaq ilk mənzillər Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi Avtomobil yolunun kənarında yerləşən və sahəsi 11,6 hektar təşkil edən ərazidə tikiləcək.
 
Nazirlər Kabinetinin qərarı ilə sözügedən ərazi Agentliyin tabeliyində olan və çoxmənzilli binaların tikintisinin sifarişçisi qismində çıxış edən "MİDA" MMC-nin sərəncamına verilib. Vətəndaşların əlverişli şərtlərlə əldə edəcəyi mənzillərin tikilməsi planlaşdırılan ərazinin seçilməsi zamanı insanların rahat yaşayışı üçün zəruri olan bütün amillər nəzərə alınıb. Seçilmiş ərazidə çoxmənzilli binaların tikintisinə başlanılması üçün artıq şəhərsalma əsaslandırılmasının hazırlanması başa çatmaq üzrədir. Tezliklə tikintinin işçi layihəsinin hazırlanmasına başlanılacaq və layihələndirmə işləri bitdikdən sonra dərhal inşaata start veriləcək. Artıq mühəndis-kommunikasiya sistemlərinin çəkilməsi ilə bağlı müvafiq dövlət qurumları ilə texniki şərtlərin alınması işlərinə başlanılıb. İnşa olunacaq binalar yaşayış üçün zəruri olan rabitə və kommunal xidmətləri ilə tam təmin olunacaq.
 
Ekspertlər hesab edirlər ki, sosial mənzillər mənzil bazarına özünəməxsus şəkildə təsirini göstərəcək. "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsi üzrə ekspert Nüsrət İbrahimovun sözlərinə görə, Bakıda sosial mənzillərin tikintisinə başlanması mənzil bazarında şişirdilmiş qiymətlərin qarşısını alacaq. İbrahimov deyib ki, layihə çərçivəsində tikilməsi nəzərdə tutulan 2 min mənzil az deyil: "Bu, təqribən 20 yaşayış binası deməkdir. Bu da bazarda əhəmiyyətli paya malikdir. Nəzərə alsaq ki, il ərzində Bakıda 15-17 min mənzil tikilib istismara verilir, 2 min mənzil təqribən bunun 8/1 hissəsini təşkil edir. Təbii ki, bu, bazara təsir edəcək. Həm təklif portfelinin stabilləşməsinə, həm də qiymətlərin alıcılıq qabiliyyətinə yaxınlaşmasına təsir edəcək".
Ekspert "Trend"ə deyib ki, bu gün bazarda o seqmentə, yəni ucuz mənzillərə aid olan təklif portfelində mənzil qıtlığı hiss olunur: "Sosial mənzillərin tikilməsi o seqmentin dolmasına kömək edəcək".
 
Sosial mənzillərin tikintisinin Bakıda mənzil qiymətlərinə necə təsir edəcəyi məsələsinə toxunan N.İbrahimovun bildirdiyinə görə, hər bir məhsulun qiyməti onun maya dəyəri və rentabelliyi ilə müəyyənləşdirilir: "Yəni, mənzillərin qiyməti tikintinin maya dəyəri və tikinti şirkətinin mənfəəti ilə müəyyən olunur və qiymət ondan aşağı düşə bilməz. Əgər qiymət ondan aşağı düşəcəksə, mənzil tikintisi sahəsində böhran olacaq və bazar daha da pis vəziyyətə düşəcək. Ancaq sosial mənzillərin tikintisi mənzil bazarında şişirdilmiş qiymətlərin qarşısını alacaq. Ucuz qiymətə satılan mənzillərin qiymətini isə maya dəyəri və 20-30 faiz gəlirlilik təşkil edir. Ona görə də, o qiymətlərin aşağı düşmə ehtimalı, demək olar ki, yox səviyyədədir".
 
İbrahimov əlavə edib ki, sosial mənzillərin tikintisinin bazara necə təsir edəcəyi, həm də həmin mənzillərin hansı şərtlərlə verilməsindən asılı olacaq: "Bu, bir çox şərtlərdən asılıdır. O baxır həmin mənzillər hansı şərtlərlə veriləcək, hansı şərtlərə cavab verən təbəqəni ev növbəsinə götürəcəklər. Hələ ki, bu şərtlər açıqlanmayıb. Şərtlər açıqlandıqdan sonra sosial mənzillərin bazarda hansı seqmentə nə dərəcədə təsir edəcəyi barədə müəyyən fikir söyləmək olar".
Milli.Az bildirir ki, İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyevin "Ekspress"ə bildirdiyinə görə, sosial mənzillərin tikintisi mənzil bazarına özünəməxsus şəkildə təsir göstərəcək: "Sosial mənzillərə ayrılan vəsaitin həcmi, sosial evlərin mənzil saylarının mənzil bazarında neçə faiz təşkil etməsi də böyük əhəmiyyət daşıyır. Bu mənzillərin nə dərəcədə mövcud mənzil bazarına təsir göstərəcəyi evlərin həcmindən, miqdarından asılıdır".
 
Sosial evlərin tikintisini əhəmiyyətli sayan müsahibimizə görə, bu evlərin tikintisi ilk növbədə aztəminatlı ailələrin evlə təmin olunmasına imkan verəcək. "Ancaq burada bir məqam da var. Belə ki, aztəminatlı ailələr, evlərin verilməsi nəzərdə tutulan əhali qrupu mənzil bazarında onsuz da ev ala bilmirdilər. Ona görə də onların sosial evlərlə təmin olunması mənzil bazarında evlərin qiymətinə o qədər də kəskin təsir etməyəcək. Yəni sosial evlərin verilməsi nəticəsində mənzil bazarında qiymətlərin dəyişməsi həm də sual altındadır".
 
Digər məsələyə toxunan Atakişiyev bitldirir ki, iqtisadi vəziyyət, iqtisadi şəraitdə olan durğunluq da mənzil bazarındakı qiymətlərə öz təsirini göstərir. Onun sözlərinə  görə, əslində mənzil bazarında evlərin qiymətlərinin aşağı düşməsi dünyada mövcud olan iqtisadi böhran nəticəsində yaranmış iqtisadi durumla da bağlıdır.
 

Şərhlər

Çox oxunanlar