Azərbaycanda yerin altında Qafqazda ƏN QƏDİM SARAY tapıldı

17.08.2016 10:51     Sosreaksiya     1858

Şəhər tipli böyük yaşayış yerində 2006-ci ildən aparılan arxeoloji araşdırmalar nəticəsində tapılan qədim tikilinin bütün Qafqazda yaşına görə ən qədim saray olduğu güman edilir.

Qədim saraya aid qalıqlar, sütunlar, divarlar və digər tapıntılar. Bütün bunlar Şəmkir rayonunun Qaracəmirli kəndi yaxınlığında Beynəlxalq Azərbaycan-Almaniya Arxeoloji ekspedisiyası tərəfindən aparılan qazıntılar nəticəsində aşkar olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri İlyas Babayev bildirib ki, bu yaşayış yerindəki abidə eramızdan əvvəl 550-ci ildən 330-cu ilə qədər, 220 il mövcud olub və Əhəmənilər imperiyasına məxsus Pasarqad və Persopol tikililəri ilə müqayisə olunur. Qaracəmirli kəndi yaxınlığında yerləşən yaşayış yerinin, Əhəmənilər imperiyasının bütün Cənubi Qafqazı idarə edən inzibati mərkəzi olduğu təxmin edilir.

Tədqiqatçıların qənaətinə görə, qədim şəhərdə saraylar və digər tikililər bir-birindən xeyli aralı olmaqla, park və bağların arasında yerləşib və divarlarla əhatələnib. Saray kompleksinə daxil olan böyük tikililərdə geniş sütunlu zalların, uzun dəhlizlərin, eləcə də böyük inzibati, təsərrüfat və istehsalat tikililərinin və dini abidənin qalıqları aşkarlanıb.

Tapılan maddi mədəniyyət nümunələri arasında gil qablar çox azdır. Ən maraqlısı isə burada mixi yazıların olmasıdır. Saray və onun divarla əhatələnmiş hissəsinin ərazisi 20 hektardır. Hələlik bu sarayın yalnız giriş zalı və özünün bir hissəsi qazılıb.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar