Qeysəriyyə əməliyyatı yoxsa təbii doğuş? - EKSPERT RƏYİ

15.07.2015 14:21     Sosreaksiya     3428

Qeysəriyyənin fəsadları

Etiraf edək ki, hazırda respublikamızın səhiyyə sistemində ciddi nöqsanlar mövcuddur. Bu fakt Cənab prezidentin də son çıxışlarında öz əksini tapdı. Və ölkə başçısı tərəfindən Səhiyyə Nazirliyinə mövcud nöqasanlarla bağlı ciddi xəbərdarlıq edildi. Qısa zaman ərzində nöqsanların aradan qaldırılması tapşırıldı.

İndi toxunmaq istədiyimiz mövzu isə hazırda respublikada gündən-günə sürətlə artan qeysəriyyə əməliyyatı ilə bağlıdır. Deyərdim ki, “qeysəriyyə bəlası” bütün problemlərin önündə duran, ən çox fəsad yaradan və həlli vacib olan məsələdir.  Bu bir faktdır ki, ölkəmizdə ana olmağa hazırlaşan xanımlardan bəlkə də 90 faizdən çoxu təbii doğuşla deyil, keysəriyyə əməliyyatı ilə dünyaya uşaq gətirir. Bu da əlbətə ki, həm ananın, həm də uşağın sağlamlığına böyük zərbədir. Bundan əlavə isə qeysəriyyə əməliyyatı ölkədə demoqrafiya səviyyəsinin sürətlə aşağı düşməsinə səbəb olur. Və bizi də məsələnin ən çox bu tərəfi narahat edir. Düzdür, bununla bağlı aidiyyati qurumlar tərəfindən doğum evlərinə, həkimlərə dəfələrlə tapşırıqlar verilib. Ancaq təəssüf ki, qeysəriyyə halı azalmaqdansa daha çox artmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının espertlərinin rəyinə diqqət yetirəndə görürük ki, qeysəriyyə əməliyyatının təbii doğuşa nisbəti 15 faizi aşmamalıdır. Respublikamızın Səhiyyə Nazirliyi hazırda qeysəriyyə əməliyyatlarının bu faizi keçmədiyini bildirsə də müşahidə etdiklərimiz buna inanmamağa əsas verir. Yəqin ki, bu məsələdə bizimlə razılaşarsınız.

Bəs görəsən bunun başlıca səbəbi nədir?! Səbəbləri araşdırmağa başlayanda aydın görürük ki, qeysəriyyə əməliyyatlarında həkimlər qədər ana olmağa hazırlaşan xanımların da rolu var. Əgər on xanımdan beşi həkimin göstərişi ilə bu əməliyyata girirsə, beşi də özü istəyərək, hətta təkid edərək. Xanımların qeysəriyyə əməliyyatını seçmələrinə hələ qız vaxtlarından onlarda təbii doğuşla bağlı yaranmış mənfi fikirlər, qorxu səbəb olur. Onları ən çox qorxudan təbii doğuşun çox ağrılı olmasıdır. Digər məsələ isə keysəriyyə zamanı uşağın zədəsiz (travmasız) dünyaya gəlməsidir. Başqa bir səbəb qeysəriyyə zamanı ana ölümləri daha az baş verir, həmçinin qanaxma risqi 0-a bərabərdir. Bundan əlavə müəyyən yaş həddini keçmiş qadının təbii yolla uşaq dünyaya gətirməsinin mümkünsüz olmasıdır. Bütün bu məsələlər arasında ən çox  rast gəlinən isə qadının doğuşdan sonra uşalıq yolunun genişlənməsi fikridir.

Bu fikirlərin nə qədər doğru olub olmadığını aydınlaşdırmaq üçün pediatr, psixoloq Məryəm xanım Maqsudovaya müraciət etdik. Özü də ana olmağa hazırlaşan Məryəm xanımın bu məsələdə fikirləri maraqlı oldu. Məryəm xanım öncəliklə bildirdi ki, qeysəriyyə əməliyyatına mütləq həkim göstərişi olmalıdır. Ancaq təəssüflər olsun ki, indi həkimlərimizin bəziləri xəstədə əməliyyata göstəriş olmadığı halda qeysəriyyəyə üstünlük verirlər. Və əlbəttə ki, burada maddiyyat faktoru önəm daşıyır. Belə həkimlər Səhiyyə Nazirliyi, fəaliyyət göstərdikləri xəstəxanalar, hətta cəmiyyət tərəfindən belə qınaq öbyekti olmalıdırlar.  Qeysəriyyə əməliyyatının gələcəyin analarına, hətta körpələrə belə zərəri faydasından qat-qat çoxdur. Qeysəriyyə zamanı uşağın zədə almamasını düşünmək təmamilə yalnışdır. Elə bu əməliyyatın özü uşaq üçün ən ağır zədədir. Əlbəttə ki, uşağın normal doğuşla dünyaya gəlməsinin çox böyük üstünlükləri var. Əgər belə olmasaydı rəbbimiz uşağın bu üsulla dünyaya gələcəyinə buyurmazdı. Ginekoloji səhvlərin nəticəsində əməliyyatından sonra körpələrdə, eləcə də analarda daha çox infeksion xəstəliklər müşahidə olunur. Körpənin planlaşdırılmış doğum tarixindən əvvəl dünyaya gəlməsi də bəzi fəsadların ortaya çıxmasına səbəb olur. Körpələrin dölyani sudan azad olaraq qəfil açıq hava mühitinə düşməsi nəticəsində onların tənəffüs yolları xəxstəliklərinə yoluxması riski var. Bundan əlavə həmin uşaqlarda kəllədaxili təzyiqin yüksək olması hallarına da daha çox rast gəlinir. Həmçinin allergik xəstəliklərə ikiqat daha çox həssas olurlar, bağırsaq mikroflorasının pozulması problemi ilə üzləşirlər.  Ana ölümlərinin sayına nəzər saldıqda isə görərik ki, dünya statistikasında təbii doğuş vaxtı ölümlərin  sayı qeysəriyyə zamanı baş verən ölümlərdən xeyli aşağıdır.

Məryəm xanımla qeysəriyyə əməliyyatlarının azaldılması yollarını da araşdırdıq. Aydınlaşdırdıq ki, ilk əvvəl qeysəriyyə əməliyyatının nəsil artımına vurduğu zərər faktoru nəzərə alınmalıdır. Təbii doğuşdan fərli olaraq qadınlar məhdud sayda övlad dünyaya gətirə bilərlər və bu da ölkəmiz, millətimiz üçün heç də normal hal deyil deyil. Hazırda ölkəmizdə demoqrafiya səviyyəsinin yüksəldilməsi ilə bağlı dövlət proqramları həyata keçirilir. Və bu proqrama həkimlərlə yanaşı insanlar da qoşulmalıdır. Gələcəyin analarında təbii doğuşla bağlı qorxu hissini aradan qaldırmaq üçün psixoloji mərkəzlər, məktəblər fəaliyyət göstərməlidir. Düzdür, hazırda özəl tibb müəssisələrində olsa belə bu tip mərkəzlər yaranmaqdadır. Ancaq təəssüf ki, həmin mərkəzlərə hamilə analar gəlmir. Gələcəyin anaları mütləq psixoloji olaraq doğuşa hazırlanmalıdır. Təklif edərdik ki, qadın məsləhətxanalarında, dövlət poliklinikalarında qeydiyyatda duran hamilə qadınlar digər müayinələrlə yanaşı mütləq psixoloji müayinələrdən də keçirilsin. Məcburi olsa belə hamilə qadınlarla psixoloqlar söhbətlər aparsın, psixoloji malumatlar versin. Bundan əlavə ginekoloqlarla hamilə anaların sıx ünsiyyəti qurulsun. Ginekoloqlar xəstələrinin ən yaxşı psixoloqu olsunlarr. Belə olan halda hamilə qadın hər xırda narahatlıqdan ötrü həkimə getmək məcburiyyətində qalmaz. Hamilə qadınlar öz ginekoloqları ilə mobil telefonlarla,  internet üzərindən, mütəmadi əlaqə saxlaya bilsinlər. Bir sözlə ana olmağın, dünyaya təbii yolla övlad gətirməyin sevincini dadmağa hazır etmək lazımdı anaları.

Psixoloqla söhbət zamanı qeysəriyyə əməliyyatının və təbii doğuş prosesinin internet üzərindən videolarını izlədik. Düzünü deyim ki, qeysəriyyə əməliyyatının videosunu izləmək elə də asan olmadı. Əminəm ki, həmin videolar bir neçə vaxt televiziya kanallarında, sosial şəbəkələrdə mütəmadi yayımlansa qeysəriyyə əməliyyatına gedən qadınların sayında ciddi azalma müşahidə edilər.

Şərhlər

Çox oxunanlar