Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün yeni proqrama start verildi

26.08.2016 16:11     Sosreaksiya     923

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda UNICEF-in maliyyə və metodiki dəstəyi ilə ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərin təlimatlandırılması üçün “Təlimçi hazırlığı” proqramına start verilib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, təhsil nazirinin müvafiq əmrinə əsasən keçirilən təlim-məşğələlərini məktəbəqədər təhsil üzrə ekspertlər və peşəkar psixoloq aparır. Təlim 36 akademik saatlıq proqram əsasında 6 gün davam edəcək.

Təlimlərdə ölkə üzrə seçilmiş 150 ali təhsilli müəllimin iştirakı nəzərdə tutulur.
Təlimlərdə iştirak üçün müraciət edən 500 nəfərdən çox ərizəçinin sənədlərinin qoyulmuş meyarlara uyğunluğu təhlil edildikdən sonra 200 müəllim müsahibəyə dəvət olunub. Onlardan artıq 90 nəfəri müsahibə komissiyasının müsbət rəyini alıb və avqustun 25-dən təlimlərə qoşulublar.

“Təlimçi hazırlığı” poqramı üçün iştirakçı seçimi müsahibələri davam edir. Növbəti həftə ərzində daha 60 müəllimin yeni qruplarda təlimlərə qoşulması planlaşdırılır. Bu proqramı uğurla başa vuran müdavimlərə təlimçi sertifikatı veriləcək və onlar ölkənin ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərin təlimatlandırılmasına cəlb olunacaqlar.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar