Heydər Əliyev Fondunun dəstəyi ilə tibbi müayinələr keçirilib
29.08.2016 21:48 Sosreaksiya 1015
Avqustun 25-27-də Bakı, Mingəçevir və Gəncə şəhərlərində İsrail həkimlərinin iştirakı ilə qadınlarda müxtəlif xəstəliklərin erkən diaqnostikası məqsədilə pulsuz tibbi müayinə və konsultasiyalar təşkil olunub.
Layihə Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə həyata keçirilib. Müayinələri İsrailin Qadın Sağlamlıq Mərkəzi, “Xorev” Tibb Mərkəzi və Torakal Cərrahiyə İnstitutunun 14 nəfərlik nümayəndə heyəti aparıb.
Heydər Əliyev Fondu, RİİB və Milli Onkologiya Mərkəzinin təşkilatçılığı ilə İsrailin Hayfa şəhərindəki “Xorev” Tibb Mərkəzinin baş həkimi Roman Barakın başçılıq etdiyi nümayəndə heyəti qadınlarda süd vəzi xəstəlikləri, ginekologiya, onkologiya, dermаtologiya, endokrinologiya, terapevtik sahələr üzrə müayinələr keçirib. Hər şəhərdə 100-dən artıq xəstəyə baxış keçirilib və onlar müvafiq təyinat alıb. Müayinələr Bakıda Milli Onkologiya Mərkəzi, Mingəçevir və Gəncə şəhər klinik xəstəxanalarında təşkil olunub.
Qeyd edək ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə ötən müddət ərzində bölgələrdən sağlamlıqla bağlı müxtəlif problemlərin, o cümlədən qadınlarda reproduktiv sistem xəstəliklərinin müayinə və müalicəsinə kömək göstərilməsi ilə bağlı müraciətlər daxil olub. Onların təhlili nəticəsində RİİB ilkin olaraq qeyd olunan pulsuz tibbi müayihələrin təşkili ilə bağlı layihənin həyata keçirilməsinə qərar verib.
Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Regional İnkişaf” İctimai Birliyi regionlarda əhalinin elm, təhsil, səhiyyə, idman, turizm, ekologiya, sosial təminat, mədəniyyət, incəsənət, sahibkarlığın inkişafı və digər sahələrdə mövcud problemlərinin öyrənilməsi və onların həlli istiqamətində vətəndaşlarla dövlət və bələdiyyə orqanları arasında qarşılıqlı dialoqun və əməkdaşlığın qurulması istiqamətində layihələr həyata keçirir.
Azərbaycan və İsrail mütəxəssisləri müayinələrlə yanaşı, həmçinin qarşılıqlı təcrübə mübadiləsi aparıblar. Eyni zamanda İsrail həkimləri azərbaycanlı həmkarları ilə birgə Bakıda xəstənin döş qəfəsində uğurla nəticələnən torakoskopik əməliyyat ediblər.
Milli Onkologiya Mərkəzində keçirilən elmi konfransda iki ölkənin alimləri onkoloji xəstəliklərin erkən və dəqiq diaqnostikası mövzusunda məruzə ilə çıxış edib, yeni texnologiyaların tədbiqi ilə bağlı təkliflər irəli sürüblər.
Tərəflər tibb sahəsində əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edərək, gələcəkdə də bu cür görüşlərin keçirilməsinin nəzərdə tutulduğunu bildiriblər.
Şərhlər