Şahid: "İlhamə Quliyeva dedi ki, Mehriban onun əmlakını ələ keçirmək istəyir"
30.08.2016 15:39 Sosreaksiya 1161
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Şahid Kəmalə Rüstəmova bildirib ki, İlhamə Quliyeva ilə M. Hüseynova vasitəsilə görüşüb. Bildirib ki, İlhamə Quliyeva ona zəng vuraraq, M. Hüseynovanın onun əmlakını ələ keçirmək istədiyini deyib: "Hətta məni öz evinə də dəvət etdi və orda mənə Mehriban haqqında fikirlərini dedi. Mən isə bu vaxt əsəbiləşərək, Mehribana sillə vurdum. Yolda Mehribanla birlikdə qayıdanda o mənə dedi ki, Vüqar Bəkirov və Orxan yığılıb nəsə düzəltmək istəyirlər. İki gün sonra İlhamə Quliyeva mənə zəng etdi və Mehriban Hüseynovanı söydü. Məni də hədələdi ki, rəfiqəm onu öldürmək istəyir. Mənə dedi ki, telefonumda olan şəkilləri silim. Bizim birlikdə şəkillərimiz çox idi. O, sonradan məni öz mənzilinə çağıraraq, kobudluq etdiyi üçün üzr istədi. Mənə müəyyən səs yazıları göstərdilər. Orada sənədlərlə bağlı Mehriban Hüseynovanın səs yazısı vardı və həm də mənim ünvanıma Mehriban tərəfindən təhqiramiz fikirlər səsləndirilmişdi. Mehriban mənə həmişə deyirdi ki, çox qorxur, bilmədiyim şeylər var".
Şahid İ. Quliyevanın evində yayılan videogörüntü barədə də danışıb: "İlhamə Quliyeva məni evinə çağırdı. Mehriban da ora gələndə, Ülvi Qılınc, Vüqar Bəkirov və Orxan Nadirov orada idi. Mehriban içəri girəndə onun çantasını və telefonlarını əlindən aldılar. İlhamə xanım dedi ki, telefonundan onu tanıyan deputatların və nazirlərin nömrələrini silək. Videogörüntüdə Mehribanın bizim ünvanımıza söylədiyi təhqirlərə görə üzr istədi. Başqa məsələlərdən xəbərim yox idi. Mehribanın orada bıçaqlanmasının şahidi olmamışam".
Şahid əlavə edib ki, İlhamə Quliyeva Mehriban Hüseynovaya baş etibarnamə verib: "İlhamə Quliyeva həmişə deyirdi ki, Mehriban onu Flora və Briliantın yanında xar eləməsin. Sonsuz qadındır, getsin, işi ilə məşğul olsun. İlhamə Quliyeva Mehriban Hüseynovanı həbs etdirmək niyyətində deyildi".
Sonra təqsirləndirilən şəxs şahidə suallar verib.
Proses sentyabrın 6-da davam etdiriləcək.
Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb. İ. Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib.
Şərhlər