Azərbaycanlı zəvvarların ilk qrupu Həcc ziyarətinə başlayıb
03.09.2016 18:57 Sosreaksiya 841
Səudiyyə Ərəbistanında olan azərbaycanlı zəvvarların ilk qrupu Həcc ziyarətinə başlayıb.
Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü hacı Həmdulla Babayev məlumat verib.
H.Babayevin sözlərinə görə, zəvvarlar artıq ümrə ziyarətini yerinə yetiriblər. Onlar hazırda yerləşdikləri hotellərdə istirahət edirlər və vəziyyətləri normaldır.
Həcc ziyarətinə gedən zəvvarlar sentyabrın 11-də Ərəfat dağında vəqfə edəcəklər. Səudiyyə Ərəbistanı Ali Məhkəməsinin rəsmi açıqlamasında bildirilib ki, sentyabrın 2-də Ay görünmədiyi üçün həmin gün Zülqədə ayının son günü olaraq qəbul edilib. Bu gün isə Hicri-qəməri təqviminin son ayı olan Zilhiccə ayı başlayır.
Qurban bayramının ərəfə günü Miladi tarixlə 11 sentyabra təsadüf edir. Bayramın 1-ci günü 12 sentyabr tarixində qeyd olunacaq. Buna görə də hacı namizədləri vəqfəyə sentyabın 11-də dayanacaqlar.
Qeyd edək ki, azərbaycanlı zəvvarların sonuncu qafiləsi sentyabın 4-də səhər və axşam reysləri olmaqla təyyarə ilə Səudiyyə Ərəbistanına yollanacaqlar.
Bu il Azərbaycandan ümumilikdə 1050 nəfər Həcc ziyarətinə gedir.
Zəvvarlardan 60 faizi kişi, 40 faizi isə qadındır.
Şərhlər