Zarafat, yoxsa absurd: İlhamənin yerinə kim ola bilərdi?

03.06.2015 12:36     Sosreaksiya     2037

 

"Bakı-2015" Avropa Oyunlarının açılış mərasimində məşəli xalq artisti İlhamə Quliyevanın daşıyacağı xəbəri sosial şəbəkələrdə çox müzakirə olundu. Gənclər və idman naziri Azad Rəhimovun müvafiq açıqlaması bəziləri tərəfindən tərəfindən zarafat, bəziləri tərəfindən isə absurd kimi qiymətləndirildi. Amma fakt yerində qalır və bu, heç də cəmiyyətimizdə birmənalı qarşılanmır. Həmkarlarını məhkəmələrdə "süründürən", daim gənc müğənnilərdən brilliant üzüklər və digər bəzək əşyaları hədiyyə alması kimi hallarla gündəmə gələn sənətçi bu dəfə də sosial şəbəkə fəallarının tənqidlərindən uzaq qala bilmədi. Bir çoxları belə fikirdədir ki, məşəli nəinki İlhamə, heç bir müğənni daşımamalı, həmin şəxs isə məhz tanınmış idmançı xanımlardan seçilməliydi. Bunu deyən gənclər həmçinin diqqəti Azərbaycanda xanımların idmanla məşğul olmasına göstərilən şəraitə çəkə biləcəyimizi vurğulayırlar.

Reaksiya.Az olaraq, biz bu mövzu ilə bağlı fəal sosial şəbəkə istifadəçiləri və tanınmış yazarlar arasında sorğu aparmağa çalışdıq. Təbii ki, doqquzqat dünya çempionu Zülfiyyə Hüseynova, Olimpiya çempionu Zemfira Müfəthəddinova, tanınmış olimpiyaçılardan İradə Aşumova, Mariya Stadnik və ya başqa idmançı xanımlar da seçilə bilərdi... Lakin görək müsahiblərimiz nə düşünür?

Taekvando üzrə milli hakim Təranə Xudabaxşiyeva o fikirdədir ki, oyunlar məşəlini idmana birbaşa adiyyatı olan və idman zəfərini görən insan gətirməlidir. Lakin o, heç qadın amilinin də üzərində dayanmağı vacib bilmədi: "Necə ki, olimpiya oyunlarında hər ölkə öz veteran məşhur idmançısına bu işi həvalə edir. Hətda olimpiya oyunlarının birində açılış alovunu məşhur boksçu Məhəmməd Əli gətirib. Bizdə də kifayət qədər güclü idmançılar var. Məsələn, Zemfira xanım Avropa, dünya və Olimpiyadada ölkə bayrağını dəfələrlə ucaldıb. Xanım olsaydı, onun olmasını istərdim. Və ya Fərid Mansurov , Elnur Məmmədli və  bu kimi fəxrlərimizin adını çəkmək olar. Bir sözlə, məşəlin odunu onun əzəmtini idmançı bədəni idmançı ruhu hiss edə bilər və idmançı əzəməti il səhnəyə gələ bilər".

Atv.Az portalının redaktoru Əziz Əlibəyli isə incəsənət adamlarımızdan başqalarının üzərində düşünməyi lazım bildi: "Xanım idmançı öz yerində... amma mən istərdim, məşəli Sənubər İsgəndərli daşıyaydı. İdeal azərbaycanlı xanımının parametrinə, obrazına uyğun olduğu üçün".

Xanım yazar  Sevinc Elsevər də İlhamə Quliyevanı düzgün seçim hesab etmir: "Nə yalan deyim. Xanım idmançıların adını bilmirəm. Şahmatçı Aynur Sofiyanın adı yadımda qalıb bircə. Amma məşəli bədii gimnastların daşıması daha yerinə düşərdi. Bədii gimnastika mənim ən çox sevdiyim idman növüdür. Belə də onu deyim ki, mənim nə idmandan, nə oyundan, nə də məşəldən yaxşı başım çıxmır. Başım çıxmayan şeydən də danışmağı sevmirəm.  Məşəli niyə məhz qadın daşımalıdır, o maraqlı gəldi. Heç maraqlanmamışam. Ancaq qadınmı daşımalıdır?  Bir hind filosofunun sözü yadıma düşdü. Bir gün küçədə o, dostu ilə gedirmiş. Bu vaxt əlində məşəl olan bir qadın ordan keçirmiş. Filosof dostuna sarı dönüb deyir: "bir buna bax, od odu aparır!".

Tanınmış jurnalist Mahir Məmmədli də o fikirdədir ki, başqa bir şəxsi, daha doğrusu, idmançı xanımı o rolda görmək olardı: "Əlbəttə, yox. Müğənni uyğun deyil.  Azərbaycanda kifayət qədər tanınmış idmançı qadın var. Veteran lazımdırsa veteran, aktiv lazımdırsa aktivAzərbaycan vətəndaşı olanlardan söhbət gedirsə, Zülfiyyə Hüseynova, Zemfira Müftəhəddinova ... Amma Azərbaycan vətəndaşı olmayan və beynəlxalq turnirlərdə Azərbaycanı təmsil edən qadın idmançılar da var. Məsələn, Mariya Stadnik".

Azivision.Az portalının baş redaktoru Vüsal Məmmədov qəti fikir bildirməyə tərəddüd etdi: "Konkret bir şey deyə bilmərəm. Yəqin ki, xarici ölkələrdə tanınan, nisbətən gənc və odioz olmayan, cəmiyyəti qıcıqlandırmayan bir məşəlçi tapmaq olardı".

Gənc yazar Rahim Şaliyev voleybolçu xanım Polina Rəhimovanı məşəlçi olaraq düşünür: "Polina Rəhimova Azərbaycanın qadın idmançıları arasında ən yaxşılardandır. Həm idmançı, həm də bir insan kimi çoxlarına nümunə ola biləcək bir insandır. Olimpiya məşəlini də belə insanlar daşımalıdır. Vətənimizə xaricdə müsbət imic qazandıran bir insan".

Sosial şəbəkə fəallarından Şəhla Əliquliyeva deyir ki, burda ilhamlandırma faktoru nəzərə alınmalıydı. Məşəli tanınmış idmançıya verməklə minlərlə gənci, xüsusən də qızları idmanda nailiyyətlər qazanmağa ilhamlandırırsan. Bu işin mahiyyəti də budur. Amma başqa bir peşənin adamına verəndə bu imkan itirilmiş olur. Onsuz da kifayət qədər insan müğənni olmaq istəyir. Amma idman həssas sahədir, şou-biznes kimi deyil".

Tanınmış teleaparıcı Azər Qismət isə ən uzunömürlü Azərbaycan vətəndaşlarını məşəlçi qismində görmək istərdi: "Ölkəmizin uzunömürlülər ölkəsi olduğunu ifadə etmək mənasında deyirəm. Dahi bəstəkar Arif Məlikovu da məşəlçi kimi görmək olardı".

Yazar-jurnalist Elmin Nuri ilk növbədə Aynur Sofiyevanı xatırlatdı: “Onun barəsində yazmıram, çünki yəqin ki, hamı bir zamanların məşhur şahmatçısını və hazırda komitə sədrinin müavini kimi çalışan bu xanımı tanıyır. Aynur xanımdan sonra keçmiş volleybolçu, millimizin və Azərreyl klubunun sabiq kapitanı Alla Həsənova bu məşəli daşımaq üçün çox gözəl namizəd ola bilərdi”.

Rüfət 

Reaksiya.Az

Şərhlər

Çox oxunanlar