Bayram namazının vaxtındakı ziddiyyətlər - Ekspert rəyləri

17.07.2015 14:08     Sosreaksiya     2242

Ayların sultanı kimi qəbul edilən Ramazan ayı ruzi-bərəkət, saflıq, paklıq, dürüstlük ayıdır. Bu ayda oruc tutanlar günahlardan, təmizlənir, pis əməllərdən uzaqlaşır. İnsanların təkcə mədələri deyil bütün orqanları oruc tutur, ruhları aydınlanır, qəlbləri təmizlənir. Allahın bu ayın gözəlliklərini, özəlliklərini yaşamağı qismət etdiyi kəslər həqiqətən də xoşbəxtdirlər. Dürüstlük, doğruluq ayı olan Ramazan ayı ölkəmizdə də Ramazan bayramı dövlət səviyyəsində yüksək şəkildə qeyd edilir. Ancaq təəsüflər olsun ki, hər il bu ayın gəlişi və bayram namazının vaxtında ziddiyyətli məqamlar yaşanır. Belə ki, ölkəmizdə bayram namazının vaxtı digər müsəlman ölkələri ilə eyni vaxta düşmür. Bu il Ramazan ayına digər müsəlman ölkələri ilə eyni gündən başlanılsa da bayram namazının qılınmasında ikifikirlilik yarandı. Türkiyə və Ərəbistanda bayram namazı 17 iyulda, bu səhər qılındı. Bizdə isə Qafqaz Müsəlmanları İdarəsinin açıqlamasına görə bayram namazı sabah səhər, 18 iyulda qılınacaq. QMİ-nin açıqlamasına baxmayaraq ölkəmizdə hər il olduğu kimi bu il də oruc tutanlar iki hissəyə bölündü. Yarı hissə bu gün səhər artıq bayram namazlarını qıldı, yarı hissə isə bu gün də oruc tutub bayramı sabah qeyd edəcək. Bundan əlavə hər il iftar və sahur vaxtlarında da ziddiyyətlər yaranır. Bu il də müxtəlif təqvimlərdə müxtəlif vaxtlar göstərilmişdi. Bu fərq hətta 20 dəqiqəyə belə çatmışdı. Hər kəs inandığı, qəbul etdiyi vaxtda bunu həyata keçirirdi. Hətta bir ailənin üzvləri arasında belə müxtəlif vaxtlarda sahur edib iftar açanlar oldu. Deyərdim ki, dini məsələlərdə ikitirəlik (bu getdikcə daha da çoxalır) yaranan yeganə ölkə respublikamızdır. Əlbəttə ki, bu heç də yaxşı hal deyil və insanların dini düşüncələrində, psixoloji durumunda müəyyən dəyişiklərə səbəb olur. Bəs görəsən bunun səbəbləri nədir? Nəyə görə təkcə bizim ölkəmizdə bu hal yaşanır, məqsəd nədir? Daha dəqiq olaraq hansı mənbəyə istinad etməliyik? Bu hal insanların psixoloji durumunda nə kimi dəyişiklikərə səbəb olur? Bu suallara mütəxəssislərlə cavab axtardıq. İlk olaraq bu məsələ ilə bağlı yetərincə dini biliklərə sahib olan bir ziyalı mövqeyi öyrənmək istədik. Və Elçin Mirzəbəyliyə müraciət etdik. Elçin müəllim bildirdi ki, Ramazan bayramı və digər dini bayramlarla bağlı məzhəblər arasındakı ziddiyyətlərin heç bir əsası yoxdur. Problem də məhz bundadır. Bütün bunlar İslam daxilindəki məzhəblər arasında ziddiyyətləri dərinləşdirməklə yaranmış vəziyyətdən öz siyasi və geosiyasi maraqlarını təmin etmək istəyən qrupların və ayrı-ayrı güclərin oyunlarıdır. Təəssüf ki, İslamın fundamental dəyərlərinə deyil, ayrı-ayrı əhəmiyyətsiz detallara üstünlük verən, cahil və nadan insanlar bir çox hallarda bu prosesin iştirakçısına çevrilirlər. Bu il bütün İslam aləmi bayram namazını eyni vaxtda qılacaq və bununla da həmrəylik nümayiş etdirəcəklər. Çünki ziddiyyətlərin hansı fəsadlara yol açdığı göz qabağındadı. Bütün bunların səbəbi də bu sahədə aparılan təbliğatın yetərli olmaması, ölkədaxilində xaricdən idarə olunan bəzi qrupların fəaliyyətidir. Məqsəd də təfriqə salmaq və ziddiyyətləri dərinləşdirməkdri. Elçin Mirzəbəyli bayramı sabah qeyd edcəyini söylədi. Toxunduğumuz məsələyə ilahiyyatçı Tahir Abbaslının yanaşmasını da öyrəndik. Tahir Abbaslı söylədi ki, qeyd etdiyiniz kimi hər il Ramazan ayının girməsi və bayram namazının qılınması bir gün fərqində olur. Bu ildən isə iftarda cüzi olsa da Sahur vaxtlarında 20 dəqiqə fərqlilik var. Əvvala onu qeyd etmək istəyirəm ki, gün məsələsində ayın görsənməsi ilə bağlıdır. Ay üfiqə görə dünyanın hər yerinə eyni vaxtda görsənə bilməz. Bizim üfiqlə (İranla Azərbaycan) digər müsəlman ölkələri (SƏ vəTürkiyə) arasında ayın görsənməsi bir neçə saat və bir gün gec hesabında olur. Burada elə bir çətinlik görmürəm. Biz belə məsələlərdə bu sahədə adil mütəxəssic alimlərin fətvasına istinad etməyi lazım bilirik. Dinimiz belə tələb edir ki, özbaşına qərarlar, fətvalar olmasın. O ki, qaldı suhur və iftar vaxtına, təbii ki, ölkəmiz daxilində Şamaxı rəsədxanası olduğuna görə dəqiq vaxt məsələsində 20 dəqiqə elə də oruc tutan üçün o qədər mühüm rol oynamır. Belə ki, ən tez vaxtda sahuru bitirib, ən gec vaxtda iftar etməklə şəkkiyyatdan qurtulmaq olar. Namazın bir az gec qılınmağın isə savabı çoxdur. İndi elm və texnika müsəlman dünyasını bir ailə kimi saniyə hesabında yaxın etsə də məsafədə bu mümkün deyil. İnsanlar xüsusən namaz qılıb oruc tutanlar belə həssas məsələdə siyasi çalarlar axtarmırlar və inanırlar ki tutduqları oruc düzdür. Ortada ixtilaf və şəkkiyyat salmaq istəyənlərin isə fikirlərində ola bilsin narahatçılıq yaransın. Onların alimləri də gec-tez bu məsələdə aydınlıq-agahlıq gətirərlər. Orucluq girəndən sona qədər oruc tutanlar diqqətli olmalıdılar ki, "olmadı elə, oldu belə" məsəli kimi olmasın. Bir fikir də var ki, “bayramda oruc tutmaq haramdı, günahına düşərik”. Belə düşünənlər üçün də çıxış yolu var, yaşadığınız ərazidən 23 km uzağa məsafə qət edib orucu pozmaqla 61 günün kəffarə orucundan qurtulmaq olar. Yəni bir gün sonra qəza orucunu da tuta bilərlər. Amma tam tutulsa belə heç bir ciddi itki də olmaz. Tahir Abbaslı da bayram namazını sabah qılacağını bildirdi. Bu mövzuda yaranan ikifikirliliyin insanların psixoloji durumunda hansısa fəsadlar yaradıb yaratmadığını Təmiz Dünya Təşkilatının psixoloqu Şəhla xanımdan soruşduq. Şəhla xanım bildirdi ki, dini bayramların fərqli vaxtlarda qeyd olunmasının insanların psixoloji durumuna elə bir ciddi ziyanı yoxdur. Fərqli vaxtlarda qeyd olunan bayramlarda insanlar ancaq öz bildiyinə inanmağa üstünlük verir. Bu fərqlilik hər kəsin özünü doğru hesab etməsinə əsaslanır. Bu zaman hətta ciddi mübahisələr də meydana gəlir. Və əlbəttə ki, mübahisələri da yaradan yetərincə dini biliklərə sahib olmayan insanlardır. Dini bilikləri kasad olanlar bu mövzuda ciddi mübahisələr yaratmağa can atırlar. Dini savada sahib insanlar isə heç bir zaman mübahisələr etmirlər və hətta bu mövzuda mübahisə etməyin günah olduğunu bildirirlər. Onlar ancaq öz bildiklərini insanlara çatdırılar. Bayram təbrikləri artıq dünən axşamdan başlayıb. Diqqətlə nəzər salanda görürük ki, bayramı sabah qeyd edəcək insanlar da, artıq bu gündən bayramlaşmağa başlayıblar. Bu da onların öz daxilində belə ikifikirli olmalarından qaynaqlanır. Hansı mənbəyə istinad edəcəklərini belə tam olaraq aydınlaşdırmayıblar. Bu da onların inam və mənbəyə istinad etmə hisslərinin yetərincə olmamasından irəli gəlir. Deyərdim ki, bu çaşqınlığa kütləvi informasiya vasitələrinin, dini qurumların, məscidlərin müxtəlif təqvimlər yayması səbəb olur. Bunun üçün lazımdır ki, ölkədə yalnız bir məlumat yayılsın, buna istər məscidlərdə, istərsə də KİV-lərdə mütləq şəkildə əməl olunsun. Şəhla xanımın bayramı dəqiq nə vaxt qeyd etdiyimizi soruşduqda söylədi ki, psixoloqlar neytral insanlardır. Və bu durumda öz fikrini açıqlamaq istəmir, ancaq ailəsindəki oruc tutan şəxslər bayramı sabah qeyd edəcək. Nə zaman və necə qeyd etməsindən asılı olmayaraq reaksiya.az analitik portalı olaraq bütün müsəlmanların Ramazan bayramını ürəkdən təbrik edirik. Hər kəsə can sağlığı, ruzi-bərəkət arzulayırıq. Bayramınız mübarək olsun! Rumiyyə MİRASLAN

Şərhlər

Çox oxunanlar