Təhsillə bağlı yeni qanun layihəsi hazırlanıb
05.09.2016 10:46 Sosreaksiya 910
Azərbaycanda "Məktəbəqədər təhsil haqqında" yeni qanun layihəsi Milli Məclisin qarşıdan gələn payız sessiyasında müzakirəyə çıxarıla bilər. Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev deyib.
O bildirib ki, qanun layihəsi üzərində Təhsil Nazlirliyi, ekspertlərlə birgə ciddi iş aparılır: “Qanun layihəsinin ilkin variantı artıq hazırdır. Yəqin ki, ilkin variant Elm və təhsil komitəsinin iclasında müzakirə olunduqdan sonra Milli Məclisin payız sessiyasının gündəliyinə çıxarılacaq”.
Deputat vurğulayıb ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən islahatlar nəticəsində məktəbəqədər hazırlıq üçün çox münbit şərait yaranıb: “2013-cü ildə təhsilin inkişafı ilə bağlı Milli Strategiya təsdiq edilmişdi. Sənəddə əsas istiqamətlərdən biri də məktəbəqədər təhsil məsələsi idi. Bu gün Təhsil Nazirliyi bu sahədə böyük işlər görüb. Ona görə də qanunvericilik bazasının daha da möhkəmləndirilməsi üçün belə bir qanunun işlənməsinə ehtiyac var idi”.
Şərhlər