Bakıda bayram namazı

18.07.2015 10:24     Sosreaksiya     1908

Paytaxtın Əjdərbəy, Təzəpir, İlahiyyat və s. məscidlərində Ramazan bayramı qeyd edilir.

Bu gün Bakıda müqaəddəs Ramazan bayramı münasibəti ilə bayram namazı qılınıb.

"Reaksiya.az"  ANS PRESS-ə istinadən məlumat verir ki, namaz Əjdərbəy məscidində saat 9.00-da, Təzəpir məscidində isə saat 10.00-da qılınıb. Həmçinin paytaxtın gur məscidlərindən olan Yasamaldakı İlahiyyat məscidində də bu səhər bayram namazı icra edilib. Bütün dünya müsəlmanları Ramazan bayramını qeyd edir. 

Dünən dünyanın bəzi ölkələrində müsəlmanlar məscidlərə toplaşaraq bayram namazlarını qılıblar. Bəzi ölkələrdə, o cümlədən Azərbaycanda da bayram namazı bu gün qılınıb. Bayram namazı təzə Ayın görünməsi ilə əlaqədar təyin olunur. 

Müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb.

Ramazan ayı insanlara Allahı sevməyi öyrədir; onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir; insanları gözüaçıq, təmizvicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur.

Orucluq öz tarixinə Məhəmməd Peyğəmbər (s.ə.s) tərəfindən Mədinədə bu məqsədlə Ramazan ayı keçiriləndən başlayır. Məhz Ramazan ayının axırıncı 10 gecəsinin birində Quran nazil edilib. Bu gecə "leylətül-qədr" - qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqqında belə yazılır: "Biz bu gecə, həqiqətən, qüdrət, əzəmət hədiyyə etmişik; bu gecə 1000 aydan da qüdrətlidir. Mələklər aşağı enərək Allahın əmrini gözləyirlər, bu gecə şəfəq doğanadək əmin-amanlıqdır, sülhdür" (97:1-5).

Orucluqda günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ər-arvad arasında cinsi yaxınlıq və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, yolçular (səyyahlar) azad olunurlar. Quranda yazılır: "Yeyin, için, qara sap ağ sapdan seçilənədək, sonra qaranlıq düşənədək oruc tutun" (2:187).

Orucluq İslamdan əvvəl də mövcud idi. Hələ qədim ərəblər öz "allahları" rizasına oruc tuturdular. Bu barədə Quranda deyilir: "Sizlərə oruc tutmaq buyurulduğu kimi, sizdən əvvəlkilərə də buyurulmuşdur".Orucluq pəhrizi qurtarmaq - "id əl-fitr" bayramı ilə başa çatır. Həmin gün bütün imkanlı müsəlmanlar kasıblara yardım etməlidirlər. Fitrə verərkən bütün ailə üzvləri nəzərə alınır.

Şərhlər

Çox oxunanlar