Yanvar-avqust aylarında 103 xidmətinə 300 mindən artıq müraciət daxil olub
08.09.2016 17:29 Sosreaksiya 858
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 103 xidmətinə gündəlik daxil olan çağırışların sayı 2 minə qədər, bəzən isə daha da artıq olur. Bütün çağırışlar çeşidlənərək ilk növbədə bölmələrin həkimlərinə ötürülür və icra edilir. Səbəbindən asılı olaraq təcili tibbi yardıma daxil olan çağırışlar iki qrupa bölünür. Birinci qrup çağırışlar qeydiyyata alındıqdan sonra 20 dəqiqə ərzində yerinə yetirilir. İkinci qrup çağırışlar isə qeydiyyata alındıqdan sonra 60 dəqiqədən gec olmayaraq icra edilir.
Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 2016-cı ilin yanvar-avqust ayları ərzində 300 mindən artıq ümumi müraciət daxil olub. Müraciət edənlərin 25 mindən çoxu xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 37 mindən çox, xəstəxanalara yerləşdirilənlərin sayı isə 5 mindən artıq olub.
Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 1000 nəfərdən çox olub.
Təcili tibbi yardıma ehtiyacı olan yaşayış yeri bilinməyən 150 şəxsə ilkin tibbi yardım göstərilərək müvafiq xəstəxanalara yerləşdirilib. Yay mövsümü başlanandan ilan sancması ilə əlaqədar cəmi 14 müraciət olub.
Pediatrik reanimasiya briqadalarının işi təkmilləşdirilib. Belə ki, Səhiyyə Nazirliyi tərəfindən ayrılmış yeni küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən və paytaxtın doğum evlərində anadan olmuş az çəkili və ya ağır qüsurlarla doğulmuş 500-ə qədər körpə Respublika Perinatal Mərkəzinə, K.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna hospitalizasiya icra edilmişdir.
İşin səmərəliliyini yüksəltmək məqsədilə yeni çağırış vərəqi forması hazırlanaraq Səhiyyə Nazirliyinə təqdim olunub. Bu formanın gələcəkdə planşetlərə də yüklənməsi nəzərdə tutulub. Bu məqsədlə 138 ədəd çoxfunksiyalı müasir planşetlər alınıb. Yeni proqram hazır olduqdan sonra planşetlərə yazılıb həkimlərin istifadəsinə veriləcək.
103 xidmətinə gündəlik daxil olan çağırışların qeydiyyatı, yönləndirilməsi və hesabatı proqramının, o cümlədən hospitalizasiyanın təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Əməliyyat və hospital işlərinin təşkili və müalicə metodik işlərin təşkili şöbəsinin böyük həkimləri tərəfindən ünvanlara zənglər olunaraq onlara göstərilən ilkin tibbi yardımın keyfiyyəti barədə sorğular aparılır.
Bölmələrin hamısına internet xətti çəkərək vahid şəbəkə yaratmaqla, şöbələr arasındakı əlaqəli işin keyfiyyətini yüksəltmək, məlumatların mərkəzə ötürülməsində vaxt itkisinin qarşısını almaq mümkün olacaq. İlin əvvəlində indiyədək stansiyanın həkim və orta tibb işçilərinin ünvanına 83 təşəkkür məktubu və zəngləri daxil olub. Stansiyanın bütün həkimləri sertifikasiyadan keçib. Hazırda orta tibb işçilərinin sertifikat almaları istiqamətində müvafiq işlər aparılır.
Əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım dövlət tərəfindən maliyyələşdiyindən vətəndaşlar bu xidmətdən ödənişsiz istifadə edirlər və edəcəklər. Lakin bəzən ehtiyac olmadan 103 xidmətinə müraciət edən vətəndaşlar da tapılır. Onlar daha ağır vəziyyətdə və həqiqətən təcili tibbi yardıma ehtiyacı olan xəstələrə ilkin tibbi yardımın gecikməsinə səbəb olurlar. Sakinlər tərəfindən zəng edilərək təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə aid olmayan suallar verilir. Gün ərzində eyni şəxsin adına bir neçə dəfə əsassız çağırışlar verilir ki, bu da təcili yardımın işinə ciddi maneələr törədir.
Təcili tibbi yardımın keyfiyyətini artırmaq və bəzi nöqsanları aradan qaldırmaq məqsədilə təcili tibbi yardım stansiyasına zəng edən şəxsin həmin an yerləşdiyi məkanın dəqiq təyin edilməsi sistemi nəzərdə tutulub. Bunun köməyi ilə ünvanın dəqiqləşdirilməsinə sərf olunan vaxta qənaət olunacaq və yalançı çağırışların qarşısı alınacaq. Çağırışın dəqiq ünvanı, adına çağırış verilən şəxs haqqında bütün məlumatlar elektron sistem vasitəsilə dərhal həkimin planşetinə ötürüləcək. Həmin məlumatlar əsasında həkim, hətta yolda olarkən xəstə ilə bağlı ətraflı məlumatları əldə edə biləcək. Bu da vaxt itkisinin qarşını almağa və təcili tibbi yardımın keyfiyyətinin yüksəlməsinə imkan verəcək.
Yeni naviqasiya sistemi nəzərdə tutulub ki, bu məqsədlə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə müraciət olunub. Yeni elektron sistem gələcəkdə yaradılması nəzərdə tutulmuş icbari tibbi sığortanın tətbiqi zamanı məlumatların ötürülməsinə şərait yaradacaq. Səhiyyə Nazirliyi tərəfindən hər bir vətəndaş üçün yaradılması nəzərdə tutulan elektron səhiyyə kartında vətəndaşın təcili yardıma nə zaman müraciət etməsi, hansı diaqnozla müalicə alması barəsində məlumatlar toplanacaq. İstənilən tibb müəssisəsinə müraciət etdiyi halda vətəndaşa məxsus kod nömrəsini və ya şəxsiyyət vəsiqəsinin nömrəsini sistemə daxil etməklə həmin şəxsin sağlamlığı barədə məlumat əldə etmək mümkün olacaq.
Şərhlər