Millət vəkili Q.Paşayeva bir neçə gün əvvəl güclü külək nəticəsində zərər dəymiş Qovlar şəhərində sakinlərlə görüşüb - FOTOLAR
09.09.2016 16:19 Sosreaksiya 985
Millət vəkili Q.Paşayeva bir neçə gün əvvəl güclü külək nəticəsində zərər dəymiş
Qovlar şəhərində sakinlərlə görüşüb, qayğıları ilə maraqlanıb, onların
müraciətlərini dinləyib. Millət vəkili Q.Paşayeva onların qaldırdığı məsələlərlə
bağlı müvafiq qurumlara müraciətlər etdiyini deyərək sakinlərin müraciətlərini
təkrar onlara çatdıracağına söz verib. Sakinlərin ən çox müraciətləri arasında
övladlarına iş tapmağa köməklik göstərilməsi, mənzil problemləri, xəstəliklərin
müalicəsinə, ünvanlı sosial yardım almaq istiqamətində dəstək göstərilməsi ilə
bağlı olub. Q.Paşayeva görüş zamanı ona müraciət edən xəstələrin yüksək
səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə
əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini
təşkil edib. Millət vəkili fiziki imkanları məhdud insanların müraciətləri ilə bağlı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun rayondakı nümayəndələri ilə
onların öz həllini tapması üçün müzakirələr aparıb. Müraciətlər arasında ünvanlı
sosial yardıma ehtiyac olduğunu bildirənlər xüsusi yer tutub. Bir sıra 1 və 2-ci qrup
əlillər reablitasiya mərkəzində müalicə almaq xahişini də müvafiq qurumlarla
danışan millət vəkili Q.Paşayeva dəstək göstərilməsini xahiş edib. Bir sıra
vətəndaşlar evlərinə təbii qaz çəkilməsi və ya verilməsi sahəsindəki problemlər
barədə də danışaraq millət vəkilindən onları müvafiq qurumlarla müzakirə
apararaq həllinə dəstək göstərilməsini xahiş ediblər. Qovlar şəhərində Sevil
Qazıyeva ilə Asif Feyzullayev küçəsindəki sakinlərin içməli su problemləri ilə
bağlı müraciətlərini dinləyən millət vəkili müvafiq qurumla problemin qısa
zamanda həlli yollarını müzakirə etdiyini dedi. Millət vəkili Qənirə Paşayeva
Tovuz rayon Su-Kanal İdarəsinin rəisi Azər Zeynalov problemin qısa zamanda
həllini tapacağını dediyini qeyd etdi və bildirdi ki, ümid edirik ki, Qovlara növbəti
səfərdə bu problemin yerində həllinin şahidi olacağıq. Bundan başqa təhsil,
elektrik və su təminatı sahəsi ilə bağlı da xeyli müraciətlər olub ki, millət vəkili
onların həlli istiqamətində də müvafiq qurumlarla danışıb və müzakirələr
aparıb. Q.Paşayeva sakinlərin qayğı və problemlərini dinləməklə yanaşı onların
narahat edən məsələlər ətrafında qanunvericiliklə hansı haqlara malik olmalarını da
izah edib. Q.Paşayeva son illlər Prezidentin rəhbərliyi altında ölkəmizdə və Qovlar
şəhərində görülən böyük işlər, həllini tapan çoxlu sayda problemlər barədə də
məlumat verərək, ölkəmizin gələcəkdə daha da inkişaf edəcəyini, imkanları
artdıqca bir sıra digər problemlərin də öz həllini tapacağını bildirib.
Şərhlər