Aztəminatlı ailələrin uşaqlarına məktəbli formaları təqdim olundu - FOTOLAR
09.09.2016 23:10 Sosreaksiya 1098
Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 139 nömrəli orta məktəbdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin uşaqlarına məktəbli formaları təqdim olunub.
Tədbirdə iştirak edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova mütəmadi xeyriyyə aksiyaları keçirən Heydər Əliyev Fondunun qısa müddətdə bir çox insanların ümid yerinə çevrildiyini bildirib. Qeyd edib ki, Ulu Öndərin ölməz ideyalarının layiqli daşıyıcısına çevrilmiş Fond hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin həllinə maddi-mənəvi dəstək verir.
Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə respublikamızda elmin, mədəniyyətin, səhiyyənin inkişafı, milli-mədəni irsimizin qorunması, tarixi abidələrimizin bərpa edilməsi, mədəniyyətlərarası dialoqda xalqımızın layiqincə təmsil olunması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində irimiqyaslı layihələrin, sosial proqramların həyata keçirilməsi misilsiz xidmətlərdir. Qaradağ rayonunda da bir çox məktəblər məhz Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunub, müasir standartlar səviyyəsində yenidən qurulub. Həmçinin rayon ərazisində Heydər Əliyev Fondu tərəfindən 3 yeni körpələr-evi uşaq bağçasının tikintisi də nəzərdə tutulub ki, artıq 2 bağçanın tikintisinə başlanılıb.
Tədbirin sonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni tədris ili ərəfəsində rayonun imkansız, maddi durumu ağır olan ailələrindən orta ümumtəhsil məktəblərində təhsil alacaq 200 nəfərə yeni məktəbli formaları təqdim olunub.
Valideynlər onlara hər zaman göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Şərhlər