Su quyuları: XƏSTƏLİK VƏ ÖLÜM mənbəyi
11.09.2016 17:16 Sosreaksiya 2720
Hacıəmi Atakişiyev: “Həyətyani sahədə fərdi su quyusunun salınması qanuna ziddir“
Bakıətrafı ərazilərin əksəriyyətində içməli su kimi quyu suyundan istifadə edilir. Dərinliyi təxminən 15-20 metr olan su quyuları əsasən həyətyanı sahələrdə yerləşir. Bu isə azyaşlı uşaqlar, hətta böyüklər üçün təhlükə törədir. Bu günlərdə Sabunçu rayonunda baş vermiş hadisə ictimaiyyətdə ciddi narahatlıq doğurdu. Belə ki iki nəfər Sabunçu sakininin dərinliyi təxminən 20 m olan su quyusuna düşməsi və orada köməksiz vəziyyətdə qalması bu məsələyə diqqəti artırdı.
Bakıətrafı qəsəbələrə içməli su verilmir. Sakinlər su quyusu qazdırmağa məcbur olurlar. Bəzən su quyuları inşa edən sakinlər üçün təhlükəsizlik məsələsi arxa planda qalır. Ekspertlərin fikrincə, bu məsələ birbaşa dövlətin nəzarətinə götürülməlidir. İlk olaraq həmin ərazilərin içməli su problemi həll olunmalıdır. Əgər həll olunmursa, bələdiyyə və ya icra orqanları fərdi su quyuları ilə bağlı nəzarət mexanizmini həyata keçirməlidirlər.
“Bələdiyyələr nəzarəti gücləndirməlidir”
Azərbaycan Reklamçılar İttifaqının sədri Hacıəmi Atakişiyev “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, həyətyani sahədə fərdi su quyusunun salınması qanuna ziddir:
“Ümumiyyətlə, kimsə öz həyətində su quyusu qazmaq istəyirsə, ona icazə verilir. Bir şərtlə ki, quyunun dərinliyi 5-20 metr arasında olsun. Dövlət əgər o ərazilərə su vermirsə, vətəndaşlar su quyuları qazmağa məcburdurlar. Vətəndaş neyləməlidir?”
“Quyuların ağzı bağlanmalıdır”
Su quyularının qorunmasından danışan memar deyib ki, su quyularının ağzı dəmir çərçivələrlə bağlanmalıdır: “Elə bir şey qoyulmalıdır ki, insan ora düşməsin. Çox adam məsuliyyətsizlik edir, quyunun ağzı açıq qalır. Ona görə də qəflətən kimsə quyunun içinə düşə bilər. Eyni zamanda həmin quyularin içərisində partlamalar, yeraltı suların zəhərlənməsi ilə nəticələnən bədbəxt hadisələr yarana bilər. Bütün bu işlər bələdiyyələr tərəfindən nəzarətə götürülməlidir. Normativlər hazırlanmalı və hansı həyətlərdə su quyuları varsa, onlara paylanmalıdır. Çünki yerin altından su çıxırsa və zəhərlənmə baş verərsə, bu hal gedib digər su quyularına da çıxa bilər. Bu mənada böyük bir ərazidə bədbəxt hadisələrin sayı çox ola bilər. Su quyusuna adam düşməsi bir bəla, onun suyundan zəhərlənmək isə ikinci bəladır. Ona görə də su quyuları bələdiyyələr tərəfindən qorunmalıdır. Əslində bələdiyyələr öz funksiyalarını bilmirlər. Bu qurum yalnız vergi yığaraq əməkhaqqı almaqla məşğuldur. Bələdiyyə maaş almaq üçün deyil. Bələdiyyə işləməli, camaatın içində olmalı və xalqın dərdinə şərik olmalıdır. Çoxları icra hakimiyyətlərinə qaçırlar. Amma bilmirlər ki, icra hakimiyyətləri icraedici orqanlardır, bələdiyyələr isə icraçıdır. Onlara birdəfəlik başa salınmalıdır ki, sizin işiniz xalqı qorumaqdır. Çünki bələdiyyə xalq tərəfindən seçilib. Amma bələdiyyələr özlərini dövlət adamları kimi aparırlar”.
Qaz sızması və partlayış təhlükəsi
Ekspert onu da əlavə edib ki, Bakıətrafı ərazilərin çoxu neft-qaz mənbəyi ilə zəngindir. Su quyuları salınan zaman oradan neft, qaz və ya digər zərərli maddələr çıxır. Bu da sakinlər üçün təhlükə mənbəyi sayılır: “Quyuda qaz sızıntısı olsa, zəhərlənmə ehtimalı böyükdür. Bundan başqa adi siqaret çəkən zaman yerin altındakı qaz sızması nəticəsində partlayış baş verə bilər. Çünki yerin altında nə fəaliyyət getdiyi məlum deyil. Ona görə də bu quyuların hamısı betonlaşmalıdır. Xüsusi maşınlarla qazılan su quyularında izolyasiya qoyulur. Amma əllə qazılan quyularda izolyasiya olmur. Ora yağış suları, kanalizasiya suları axır”. Su quyularına dövlət nəzarət edirmi? Quyuların salınması üçün vətəndaşlara icazə verilirmi?
Bu suallarla “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllıya müraciət etdik. Qurum rəsmisi bildirdi ki, su quyularının salınması, təminatı və digər məsələlər onların yox, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətində olan məsələdir. Ekologiya Nazirliyinə mövzu ilə əlaqədar müraciət etsək də konkret cavab ala bilmədik. “Məsələni aydınlaşdırıb sizə xəbər verərik” deyə bizi gözlətdilər.
Şərhlər