Dağıstanı xilas edən azərbaycanlı - Əziz Əliyevin HƏYAT HEKAYƏTİ
11.09.2016 23:17 Sosreaksiya 5703
Azərbaycan xalqının qəlbində əbədi heykəl qoyan, tibb tariximizə adını qızıl hərflərlə yazdıran, görkəmli alim, ictimai-siyasi xadim Əziz Əliyevin həyat yoluna işıq salmağa çalışdıq.
Həyatının erkən çağları
Əziz Əliyev 1897-ci il yanvar ayının 1-də qədim Azərbaycan torpağında – İrəvan quberniyasının Hamamlı kəndində anadan olmuşdur. Atası Məmmədkərim Kərbəlayi Qurbanəli oğlu kənd işləri ilə məşğul idi, anası Zəhra xanım isə məşhur İrəvan taciri İbrahim bəyin qızı idi.
Əziz Əliyev 8 yaşında Azərbaycandakı rus-tatar məktəbinə daxil olur və orada ibtidai təhsil alır. 1908-ci ildə o, İrəvandakı gimnaziyaya daxil olur, 1917-ci ildə buranı bütün fənlər üzrə əla qiymətlərlə bitirir. Maddi cəhətdən təhsilini davam etdirmək üçün məktubla Bakı milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə müraciət edir və tezliklə həmin vaxt üçün kifayət qədər yüksək məbləğ hesab olunan 300 rubl kömək alır. Elə həmin il o, Sankt-Peterburqda tələbkar alimlərin iştirakı ilə aparılan müsabiqədən müvəffəqiyyətlə keçir və Rusiyanın ən nüfuzlu ali tibb məktəblərindən sayılan Hərbi Tibb Akademiyasına daxil olur. Ə.Əliyev elə birinci kursun əvvəllərindən boş vaxtlarında Sankt-Peterburqda səpkili yatalaqla mübarizə əleyhinə təşkil edilmiş dezinfeksiya-profilaktika briqadasına işə düzəlir. Aldığı maaşla həm özünün minimal güzəranını təmin edir, həm də valideynlərinə yardım göstərir.
Erməni qırğınlarının şahidi
Əziz Əliyev 1918-ci il iyun ayının yay tətilində İrəvana gəlir. Həmin vaxt İrəvandakı əhalinin böyük əksəriyyətini azərbaycanlılar təşkil edirdi. O, burada erməni daşnaklarının yerli əhaliyə qarşı təşkil etdiyi qəddarlıqları görür və ailəsini çətinliklə də olsa, Naxçıvanın Şərur rayonuna keçirə bilir. Bir müddət Şərurda qaldıqdan sonra anasını və qardaşını Şahtaxtı kəndinə aparır.
Yaranmış vəziyyət Əziz Əliyevi Sankt-Peterburqa qayıtmaq, təhsilini davam etdirmək imkanından məhrum edir. 1920-ci ilin may ayında İrəvanda məskən salmış daşnak qoşunları şimaldan gələn bolşevik havadarlarının birbaşa dəstəyi ilə silahlı hücuma keçərək Şərur rayonunu, o cümlədən Şahtaxtı kəndini yerlə yeksan edərək amansız qırğınlar törədirlər.
İmam Mustafayev, Şirəli Müslümov və Sadıq Rəhimov
Qanlı qırğından salamat çıxa bilən və didərgin düşən Şahtaxtı əhalisi, o cümlədən Əziz Əliyevin ailəsi Araz çayını keçir və bir müddət Cənubi Azərbaycanın Ərəblər kəndində yaşamalı olurlar. Ə.Əliyev tibbi xidmətini burada da davam etdirir və həkim köməkçisi kimi çalışaraq əhaliyə lazımi tibbi yardımlar göstərir.
Anası 1920-ci ildə Ərəblər kəndində vəfat edir. 1921-ci ilin iyun ayında onlar Şahtaxtı kəndinə qayıda bilir və Əziz Əliyev 1923-cü ilin may ayına qədər kənddə orta tibb işçisi, həkim köməkçisi kimi çalışır.
Bakı həyatı
1923-cü ilin mayında Əziz Əliyev Bakıya köçür. Bu andan etibarən onun həyatının yeni mərhələsi başlayır. Bakıda ilk vaxtlar Azərbaycan SSR Xalq Komissarları Şurasında iş icraçısı, həmin idarənin ümumi şöbə müdirinin müavini, katibin müavini və nəhayət, Respublika Xalq Komissarlığı Şurasının katibi vəzifəsini icra edir. O, bu çətin və məsuliyyətli vəzifələrdə çalışmaqla yanaşı, 1923-cü ildən etibarən yarımçıq qalmış ali tibb təhsilini BDU-nun tibb fakültəsində davam etdirir. O, 1927-ci ildə Bakı Dövlət Universitetinin tibb fakültəsini bitirir və universitetin daxili xəstəliklər kafedrasında saxlanılır. Əziz Əliyev həmin kafedrada əvvəl ordinator, sonra isə aspirant, assistent və dosent kimi fəaliyyət göstərir. O 1929-1932-ci illərdə Azərbaycan Klinik İnstitutunun rektoru vəzifəsinə təyin olunur.
Dövlət Tibb İnstitutunun rektoru kimi
1930-cu il iyun ayının 19-da Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazasında Azərbaycan Dövlət Tibb İnstitutu yaradılır. Əziz Əliyev o illərdə ADTİ-nin yaradılmasında böyük rol oynayır. 1932-ci ildə o həmin institutun rektoru olur.
Əziz Əliyev 1934-cü il mart ayının 30-da paytaxtda səhiyyə işlərini yaxşılaşdırmaq məqsədi ilə Bakı şəhər səhiyyə şöbəsinin müdiri təyin edilir. Ancaq az keçməmiş, 1935-ci il yanvarın 14-də Azərbaycanda yüksək ixtisaslı milli tibb kadrlarının hazırlığını gücləndirmək məqsədilə o, yenidən ADTİ-nin rektoru vəzifəsinə qaytarılır. ADTİ-yə rektor təyin edildikdən az sonra onun rəhbərliyi altında həlli vacib sayılan bütün məsələlər üçün geniş tədbirlər planı hazırlanır. O, azərbaycanlı kadrları işə cəlb edərək onların fəaliyyət dairəsini genişləndirir və ana dilində dərsliklər, dərs vəsaitləri, monoqrafiya və tövsiyələr yazılmasına nail olur. 1932-1935-ci illər ərzində Əziz Əliyevin rəhbərliyi altında əməkdaşlar tərəfindən Azərbaycan dilində latın qrafikası ilə 45 adda dərslik və dərs vəsaiti tərtib edilərək tibb təhsili alan tələbələrin ixtiyarına verilir. Bu o dövrün texniki imkanları üçün çox böyük göstərici idi.
Əziz Əliyev və İmam Mustafayev
Siyasi fəaliyyəti
Ə.Əliyev I-II çağırış SSRİ Ali Sovetinin deputatı seçilib. O, həmçinin Azərbaycan SSR Ali Sovetinin I-III çağırış, Dağıstan MSSR Ali Sovetinin II çağırış deputatı olub. Əziz Əliyev 1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi, 1942-1948-ci illərdə isə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışaraq özünü bacarıqlı dövlət xadimi kimi göstərə bilir. O, 1949-1950-ci illərdə Moskvada ÜİK (b) P MK-nın inspektoru, 1950-1951-ci illərdə isə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində işləyir.
Əziz Əliyev Dağıstan xalqının tarixində misilsiz xidmətləri olub. 1942-1949-cu illərdə Dağıstana rəhbərlik etmiş Əziz Əliyev burada yerli əhaliyə qarşı həyata keçirilən siyasi repressiyalara son qoyulmasına, dağıstanlılardan ibarət milli hərbi hissələrin təşkil olunmasına, yerli hakimiyyət orqanlarına dağıstanlıların təyin edilməsinə nail olub. Əziz Əliyevin sayəsində dağıstanlılar bir çox digər xalqlar kimi sürgün olunmayıblar.
Dağıstan xalqı adından Əziz Əliyevə hədiyyə olunmuş xəncər
2007-ci ildə Əziz Əliyevin 110 illik yubileyinin Dağıstanda dövlət səviyyəsində qeyd olunması ona olan xüsusi hörmət və ehtiramın ifadəsidir.
Cənubi Azərbaycan missiyası
1941-ci il avqust ayının 25-də Sovet qoşunları İran ərazisinə yeridildikdən 10 gün sonra-sentyabr ayının 5-də Cənubi Azərbaycan məsələsini müzakirə etmək üçün M.C.Bağırov Moskvaya çağırıldı. Moskva danışıqları zamanı razılıq əldə edildi ki, Azərbaycan SSR-də səfərbər edilmiş partiya, sovet, hüquq-mühafizə, təsərrüfat və mədəniyyət işçilərinin mərhələlərlə Cənubi Azərbaycana göndərilməsinə başlanılsın.
Beləliklə, Azərbaycan KP MK katibi Əziz Əliyevin rəhbərliyi altında xüsusi qrup yaradıldı. Dövlət Müdafiə Komitəsinin göstərişinə əsasən polkovnik-komissar Əziz Əliyev Təbrizdə yerləşmiş 47-ci ordunun Hərbi Şurasının üzvü oldu və ona geniş səlahiyyətlər verildi.
Əziz Əliyev Cənubi Azərbaycanda İmran Qasımov, Rəsul Rza, Mehbalı Əmiraslanov və başqaları ilə yaxın təmasda olur.
Repressiyadan möcüzəvi xilas
XX əsrin 30-cu illərinin ağır repressiya illərində Azərbaycanda milli həkim kadrlarının böyük bir dəstəsini səbəbsiz işgəncələrdən, vaxtsız ölümdən xilas etmiş Əziz Əliyevin özü 50-ci illərin əvvəllərində haqsız olaraq təqiblərə məruz qalmışdır. Əziz Əliyev 1938-ci il repressiyalarından möcüzə nəticəsində xilas olmuşdur. Onu sonralar, 50-ci illərin əvvəllərində işdən çıxarıb Ortopediya və Bərpa Cərrahiyyəsi İnstitutunun direktoru təyin etdilər, amma tezliklə bu vəzifədən də çıxardılar. Professoru, elmlər doktorunu, bu qədər xidmətləri olan bir insanı Sabunçu xəstəxanasına adi həkim göndərdilər və o, üç il orada işlədi.
Övladları
Professor Əziz Əliyevin sevimli həyat yoldaşı Leyli xanımla birgə böyütdükləri mehriban övladları valideyn tərbiyəsinə layiq və sadiq övladlar olmuşlar.
Qızı Zərifə xanım Əliyeva atasının şərəfli yolunu davam etdirmişdir. O görkəmli oftalmoloq olmuş, Azərbaycan SSR Elmlər Akademiyasını müxbir üzvü seçilmişdir.
Qızı Gülarə xanım Əliyeva görkəmli musiqiçi, mahir piano ifaçısı olub.
Oğlu Tamerlan Əliyev tibb elmləri doktoru, professor olub.
Oğlu Cəmil Əliyev tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasını müxbir üzvüdür.
Əziz Əliyevin 100 və 110 illik yubileyləri Azərbaycanda dövlət səviyyəsində qeyd olunub. (femida.az)
Şərhlər