Məhkəmə DSMF-nin departamentinə qarşı apellyasiya şikayəti üzrə məhkəmə qərarını elan edib
12.09.2016 11:16 Sosreaksiya 808
Sumqayıt Apellyasiya Məhkəməsində Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İri Sığortaedənlərlə İş üzrə Departamentinin “Sumqayıt Superfosfot” ASC-yə qarşı iddiası əsasında məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
“Report”un məlumatına görə, hakim Xəyalə Cəmilovanın sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, “Sumqayıt Superfosfot” ASC-nin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, DSMF-nin İri Sırğortaedənlərlə İş üzrə Departamenti “Sumqayıt Superfosfаt” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1 yanvar 2012-ci il tarixdən 1 oktyabr 2014-cü il tarixədək olan dövr ərzində yaranmış 136 376,32 manat (əsas borc 101 273,02 manat, pensiya 35 103,30 manat) məbləğində məcburi dövlət sığorta haqqı üzrə borcun fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edib. Daha sonra iddiaçı tərəfindən iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edilərək, 01 aprel 2012-ci il tarixdən 01 oktyabr 2014-cü il tarixədək 113 515,76 manat (əsas borc 80007,8 manat, pensiya 33 507,96 manat) məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə DSMF-nin departamentinin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini istəyib.
Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edib. Qətnamədən narazı qalan “Sumqayıt Superfosfot” ASC apellyasiya şikayəti verib. ASC Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsinin “Sumqayıt Superfosfot”un fəaliyyətinin dayandırılması və əmlakın satılmasına dair hissədə ləğv edilib, iş üzrə yeni qətnamə çıxarılmasını xahiş edib.
Şərhlər