Yay geri qayıdır

20.07.2015 14:00     Sosreaksiya     2042

Sabah ölkə ərazisində havanın temperaturunun 35 dərəcəyə çatacağı gözlənilir.

Sabah Azərbaycanda 35 dərəcə isti gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gündüz mülayim cənub küləyi əsəcək.Havanın temperaturu gecə 21-23, gündüz 29-31 dərəcə isti olacaq.Sabah bölgələrdə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti iyulun ikinci ongünlüyünün sonuna kimi hava xəbərdarlığı etmişdi. Xəbərdarlıqda deyilirdi: iyulun 16-sı gündüzdən ikinci ongünlüyün sonunadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Havanın temperaturu tədricən 4-8 dərəcə aşağı enəcək.

Qeyri-sabit hava şəraiti nəticəsində bayram günlərində güclü külək, yağış, dolu müşayiət edilib. Bir sıra rayonlara yağan dolu kənd təsərrüfatına ciddi ziyan vurub.

Şərhlər

Çox oxunanlar