Bakıda Fransız-Azərbaycan Universitetinin təntənəli açılış mərasimi keçirilib

15.09.2016 19:36     Sosreaksiya     1271

Sentyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Fransız-Azərbaycan Universitetinin (UFAZ) açılış mərasimi keçirilib.
 
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, Fransanın Təhsil Nazirliyinin Avropa, beynəlxalq əlaqələr və əməkdaşlıq departamentinin rəhbəri Marian Brunhof, Strasburq Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Fransis Kern və digər qonaqlar iştirak edib.
 
 
 
Açılış münasibətilə müəllim və tələbələri təbrik edən Mikayıl Cabbarov UFAZ layihəsinin həyata keçirilməsi üçün yüksək təhsil ver’n iki universitetin seçildiyini bildirib. Nazir bu layihənin vaxtında və keyfiyyətlə gerçəkləşməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyini xüsusi qeyd edib və UFAZ-ın yaxın gələcəkdə regionun sayılıb-seçilən ali məktəblərindən birinə çevriləcəyinə inandığını bildirib.
 
 
Mikayıl Cabbarov ali təhsil müəssisələrinə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən, I qrup üzrə 500-dən artıq bal toplamış 300-ə yaxın abituriyentin qatıldığı imtahanın nəticələrinə görə 143 nəfərin UFAZ-da oxumaq hüququ qazandığını diqqətə çatdırıb.
 
Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə yaradılan bu universitetin iki ölkə arasındakı münasibətlərin səviyyəsini göstərdiyini bildirən Fransanın Azərbaycandakı səfiri Orelia Buşez UFAZ-ın Azərbaycanda iqtisadi inkişafa və xarici investisiyanın cəlb olunmasına töhfə verəcəyini qeyd edib.
 
Fransa Təhsil Nazirliyinin Avropa və Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamentinin rəhbəri xanım Marian Brünhof isə UFAZ məzunlarının gələcəkdə Azərbaycanın sosial-iqtisadi həyatının əsas iştirakçısı olacaqlarını vurğulayıb. Bu layihənin ərsəyə gətirilməsi üçün 1,5 il ərzində işlərin aparıldığını deyən M.Brünhof UFAZ məzunlarının hər iki ölkənin inkişafına öz töhfələrini verəcəyini qeyd edib.
 
 
Avropanın nüfuzlu təhsil sistemini Azərbaycana gətirdiyinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təşəkkürünü bildirən ADNSU-nun rektoru, professor Mustafa Babanlı bu layihənin uğurlu olması üçün ADNSU-nun səylərini əsirgəməyəcəyini deyib. UFAZ tələbələrini yeni tədris ili münasibətilə təbrik edən rektor M. Babanlı onların yaxşıların yaxşısı olduqlarını diqqətə çatdırıb.
 
Daha sonra UFAZ-ın rəsmi açılışını bildirən rəmzi qırmızı lent kəsilib. Tədbir iştirakçıları UFAZ-la yaxından tanış olublar, onlara ali məktəbin tədris şəraiti ilə bağlı ətraflı məlumat verilib.
 
Tədbirin yekununda təhsil naziri Mikayıl Cabbarov və Fransanın Azərbaycan Respublikasındakı səfiri xanım Orelia Buşezin iştirakı ilə UFAZ-ın həyətində ağacəkmə marasimi keçirilib.
 
 
Qeyd edək ki, “Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ)” layihəsinin həyata keçirilməsi barədə ölkə prezidentinin sərəncamına əsasən, UFAZ layihəsi Azərbaycan Dövlət Neft və Sənaye
 
Universitetinin (ADNSU) nəzdində fəaliyyətə başlayıb. Əsas məqsədi Azərbaycanın sosial-iqtisadi, xüsusilə, elm və qabaqcıl texnologiyalar sahəsində inkişafına xidmət edən yüksək səviyyəli mütəxəssislər hazırlamaq olan UFAZ-a 2016-2017-ci tədris ili üçün 4 ixtisas üzrə tələbə qəbulu həyata keçirilib. Bunlar kimya mühəndisliyi (ADNSU və Strasburq Universiteti), kompüter elmləri (ADNSU və Strasburq Universiteti), geofizika mühəndisliyi (ADNSU və Strasburq Universiteti) və neft və qazın kəşfi və hasilatıdır (ADNSU və Rennes1 Universiteti). Tədris Fransa universitetlərindən cəlb edilmiş və yerli mütəxəssislər tərəfindən ingilis dilində aparılacaq və təhsilini uğurla başa vuran məzunlara iki diplom veriləcək.
 
 

Şərhlər

Çox oxunanlar