Millət vəkili Qənirə Paşayeva Tovuzda Yeni Dərs İlinin başlaması münasibəti ilə rayonun ibtidai sinif müəllimləri ilə görüşüb və onları bəzi məsələlərə xüsusi diqqət ayırmağa çağırıb. - FOTOLAR
16.09.2016 11:32 Sosreaksiya 1122
Millət vəkili Qənirə Paşayeva Tovuzda Yeni Dərs İlinin başlaması
münasibəti ilə rayonun ibtidai sinif müəllimləri ilə görüşüb. Onları Yeni
Dərs İlinin başlaması münasibəti ilə təbrik edən millət vəkili bildirib ki
təhsilin səviyyəsi və inkişafında ibtidai sinif müəllimlərinin böyük rolu
var. Q.Paşayeva ibtidai sinifdə yaxşı təhsil alan şagirdin yuxarı
siniflərdə də yaxşı nəticələr göstərdiyini əksinə ibtidai siniflərdə zəif
təhsil alan gəncin əksər hallarda yuxarı siniflərdə yaxşı nəticələr göstərə
bilmədiyini vurğulayaraq ibtidai sinif müəllimlərini uşaqların daha
savadlı yetişməsində səyləri daha da artırmağa çağırıb. Millət vəkili
məktəb yaşlı uşaqlar arasında artan skaliozlardan,onurğa əyilmələrindən
də danışıb və ibtidai sinif müəllimlərini bu məsələyə xüsusi diqqət
göstərməyə çağırıb: "Biz ibtidai sinifdə oxuduğumuz illərdə
müəllimlərimiz bizə yazı yazmağı öyrətməklə bərabər partada doğru
oturmağı, yazı yazarkən necə oturmaq lazımdır onu da öyrədərdi və hər
dəstə hər birimizə bəlkə bir neçə dəfə xəbərdarlıq edərdi. Bundan başqa
hər sabah səhər tezdən dərslər başlamaqdan əvvəl idman meydançasında
ümumi idman hərəkətləri edərdik və ondan sonra dərslərə gedərdik və
bunun nəticəsində oğlanlarımız da, qızlarımız da fiziki sağlam olurdular.
Məktəb rəhbərliyimizdən, müəllimlərimizi bu məsələlərə xüsusi diqqət
göstərməyə çağırırram. Nə qədər məktublar alıram ailələrdən.
Uşaqlarının skaliozunun müalicəsinə və ya əməliyyatına dəstək
istəyirlər. Uşaqlarımız arasında bu kimi halların daha da artmaması
üçün məktəblərimizin də üzərinə böyük məsuliyyət düşür və mən
inanıram ki, ibtidai sinif müəllimlərimiz də bu məsələyə bundan sonra
daha da böyük diqqət göstərəcək. Uşaqlarımızın fiziki və mənəvi
sağlam böyüməsi üçün hamımız əlimizdən gələni etməliyik." Millət
vəkili Q. Paşayeva Yeni Dərs İlinin başlaması münasibəti ilə bir sıra
kənd məktəblərini ziyarət edib, şagirdləri təbrik edib və onlara
Azərbaycan tarixi, Qarabağ həqiqətləri, Azərbaycan və dünya ədəbiyyatı
ilə bağlı maraqlı kitablar hədiyyə edib.
Şərhlər