İlham Əliyev: Mətbuatı izləyirəm 

21.07.2015 15:45     Sosreaksiya     2018

Azərbaycan prezidenti Milli Mətbuatın 140 illiyi münasibətilə jurnalistlərə mesaj verdi.

"Ölkədəki vəziyyəti, hadisələri bir çox hallarda mətbuatdan izləyirəm və dərhal da reaksiya verirəm". 

ANS PRESS-in məlumatına görə, bu sözləri Prezident İlham Əliyev iyulun 21-də Azərbaycan Milli Mətbuatın 140 illik yubileyi münasibəti ilə Mətbuat Şurası İdarə Heyəti üzvlərini qəbul edərkən bildirib.İ.Əliyev Milli Mətbuatın yaranmasının 140 illiyi münasibətilə jurnalistləri və xalqımızı təbrik edib, bayram ərəfəsində bir çox jurnalistlərin orden, medal və fəxri adlarla təltif olunduğunu bildirib.

Dövlət başçısı Azərbaycanda 1998-ci ildə senzuranın ləğv olunmasının müstəqil medianının yaranması və inkişafı üçün təkan olduğunu deyib, bundan sonrakı mərhələdə isə özünü tənzimləmə strukturu kimi Mətbuat Şurasının fəaliyyətini yüksək qiymətləndirib:

"Mətbuat Şurası jurnalistlərin hüquqlarını qoruyur, iqtidarla mətbuat arasında körpü rolunu oynayır."

Prezident İlham Əliyev eyni zamanda mediada olan qeyri-peşəkarlıq meyllərinə də toxunaraq deyib ki, Azərbaycan mediası illər keçdikcə özünü daha da peşəkarlaşdırır, əvvəlki illərdə mövcud olan qeyri-etik yazılar, təhqiramiz materiallar yavaş-yavaş azalır, media daha çox milli mövqedən çıxış edir.

"Mən medianın müxtəlif sahələri tənqid etməsini təqdir edirəm. Bəzən özüm də müxtəlif tənqidi məqamları, çatışmazlıqlarla bağlı məsələləri mediadan öyrənirəm, bununla bağlı müxtəlif göstərişlər verirəm. Media problemlərin aşkara çıxarılması üçün mənim ən yaxın dəstəkçilərimdən biridir”.

Prezident medianın beynəlxalq əlaqələrinə də toxunub, medianın maddi-texniki bazasının gücləndirilməsi, peşəkarlığı ilə yanaşı, beynəlxalq əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb, Azərbaycanda internetin azad olduğunu, internet medianın daha çox dildə fəaliyyət göstərməsi, daha çox ölkədə müxbir məntəqələrinin olmasını təqdirəlayiq hal sayıb.

Prezident bildirib ki, medianın beynəlxalq əlaqələrinin gücləndirilməsi, transmilli, digər ölkələrin media orqanları ilə əlaqələrinin qurulması, həmçinin erməni diasporunun Azərbaycana qarşı apardığı mübarizənin qarşısının alınması üçün Azərbaycan mətbuatı öz fəaliyyətini daha da gücləndirməlidir. Bunun media ilə bağlı prioritet sayılan məqamlardan biri olduğu qeyd edilib. 

Dövlət başçısı media orqanlarının dünya mediası ilə əməkdaşlıq formatlarının tapılması, bu cür əməkdaşlıqların qurulmasının arzuedilən olduğunu vurğulayıb.

Şərhlər

Çox oxunanlar