Telekanal direktorunun müavini ifadə vermək istəmir - İlhamə Quliyevanın köməkçisinin işi
04.10.2016 17:21 Sosreaksiya 1274
Oktyabrın 4-də mərhum müğənni İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərəçəkmiş kimi tanınmış Zəminə Məhərrəmova məhkəməyə gəlməyib.
Hakim qeyd edib ki, şahid Zəminə Məhərrəmova xəstə olduğunu əsas gətirib. Şahid istintaqa verdiyi ifadəsini təsdiq etdiyini məhkəməyə deyib.
Məhkəmə prosesində hakim Mehriban Hüseynovanın ifadə verməsini təsdiq edib. M.Hüseynovanın vəkilləri isə əlavə şahidlərin dindirilməsini istəyilər. Vəkillər bununla bağlı hazırlıq iclasında da vəsatət qaldırdıqlarını bildiriblər. Hakim vəkillərə bununla bağlı yenidən vəsatət qaldırmalarını məsləhət görüb.
Vəkil deyib ki, siyahıda olan Lamiyyə Babayevanın şahid kimi ifadə verməsini istəyirlər. Lakin o, məhkəməyə gəlmək istəmir: "Ona zəng edirik, deyir ki, hər gün canlı yayımda oluram. O, Lider TV-nin direktor müavinidir. Məhkəməyə gələ bilmir. Həm də deyir ki, məhkəməyə gəlsə, prosesdə olan jurnalistlər onun barəsində yazacaq. Bundan narahatdır".
Növbəti məhkəmə prosesi oktyabrın 11-nə təyin edilib.
Qeyd edək ki, mərhum müğənni İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29.180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti üç ay uzadılıb.
Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında vəfat edib.
Şərhlər