Fərəc Kərimli: ''Adam özünü tam azadlıqda hiss edə bilmir''

04.10.2016 17:24     Sosreaksiya     1059

Bundan sonra mübarizə davam edir və heç bir həbs, hədə-qorxu, başqa tədbirlər bizi yolumuzdan çəkindirə bilməz, Müsavat Partiyasının yenicə azadlığa çıxan başqan müavini, Fərəc Kərimli BBC Azərbaycancaya müsahibəsində deyib.

"Müsavat partiyasında da fəaliyyətim davam edəcək, əvvəlkindən hələ 100 qat artıq."
F.Kərimlinin sözlərinə görə, Amnistiya Aktı veriləndən sonra onu 13 saylı həbsxanadan 14 saylı cəzaçəkmə müəssisəsninə etpa ediblər və deyiblər ki, "qonaq kimi gəlmisən, 5-10 günə çıxacaqsan".
 
"5-10 gün də 4 ay oldu. Penitensiar əməkdaşları dedi ki, referenduma qədər burdasan. Elə özüm də bilirdim ki, referenduma qədər burdayam", - Kərimli azadlığa çıxmaqla bağlı xəbəri bu gün, cəzaçəkmə müəssisəsində idman etdiyi vaxt aldığını deyir.
 
Saxlandığı həbsxana şəraitindən danışarkən Fərəc Kərimli vurğulayıb ki, saxlanıldığı 13 və 14 saylı cəzaçəkmə müəssisələri Azərbaycanda "ən ağır şəraitli zonlardır". O, əlavə edib ki, cəza çəkdiyi müddətdə penitensiar xidmət əməkdaşları ona "hörmətlə yanaşırdı".
 
Azadlığa çıxandan sonra dostlarını görməyə "çox sevindim" deyən F.Kərimli "həbsdə də dostlarımız qaldı" deyir: "Onlar həbsdə olanda adam özünü tam azadlıqda hiss edə bilmir."
 
Çox təəssüf olsun ki, siyasi hakimiyyət yenə də müxalifətə qarşı nə qədər qərəzli olduğunu bir daha göstərdi, Fərəc Kərimlinin hüquqlarını müdafiə edən vəkil Nemət Kərimli BBC Azərbaycancaya müsahibəsində deyib.
 
"Demək olar ki, qərar [Amnistiya Aktı] icra olunub, 3000 adam azadlığa çıxdığı halda Fərəc Kərimovu yalnız müddətin bitməsinə 9 gün qalmış azad etdi. Bir daha hakimiyyətin müxalifətə və azad fikrə qarşı olan münasibətini ortaya qoydu", o əlavə edib.
 
Müsavat partiyasının sədr müavini Fərəc Kərimli bu gün azadlığa buraxılıb, qardaşı Sirac Kərimli BBC Azərbaycancaya müsahibəsində deyib.
 
Müsavat Partiyasının başqanı Arif Hacılı, onun müavini Tofiq Yaqublu və sabiq başqan İsa Qəmbər Fərəc Kərimlini qarşılamaq üçün onun evinə gəlib.
 
Fərəc Kərimli bu ilin may ayında, Respublika Günü ilə bağlı qəbul edilən Amnistiya Aktına düşmüşdü. İyunun 14-də qüvvəyə minən aktın icra müddəti 4 aydır.
 
Cənab Kərimlinin vəkilləri onun azadlığa buraxılması "qərəzli olaraq ləngidilir" desə də, Penitensiar Xidmət akta adları düşən insanlara "heç bir halda fərdi yanaşılmır" cavabını vermiş və əlavə etmişdi ki, bütün sənədlər hazır olandan sonra məhbuslar etap-etap buraxılır.
 
Fərəc Kərimli qardaşı Sirac Kərimli ilə birlikdə 2014-cü ilin iyul ayında, narkotik maddə saxlamaq və satmaq ittihamı ilə həbs olunublar və Fərəc Kərimli 6 il 6 ay, Sirac Kərimli isə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.
 
Sonradan Fərəc Kərimlinin cəzası 3 ilə qədər endirilib. Sirac Kərimli 2016-cı il martın 17-də əfv olunaraq azadlığa çıxıb.
 
Fərəc Kərimli ona qarşı irəli sürülən ittihamların siyasi motivli olduğunu bildirir, Müsavat Partiyası isə onun saxlanılmasını "siyasi təzyiq" kimi qiymətləndirmişdi.
 
İnsan Haqları üzrə kampaniyaçı Amnesty İnternational təşkilatı Fərəc Kərimlini vicdan məhbusu kimi tanıyır.
 
Azərbaycan hökuməti ölkədə vicdan məhbusunun olmadığını bildirir (BBC).

Şərhlər

Çox oxunanlar