“BİRA”-dan Aşura filmi haqqında açıqlama - VİDEO
14.10.2016 19:25 Sosreaksiya 1331
“Hər gün Aşura, Hər yer Kərbəla” olduğunu iddia edən video çarxı hazırlayanlar görəsən, heçmi Azərbaycanın işğal altında olan ərazilərini yadlarına salmayıblar?”
Bunu Reaksiya.az - a açıqlamasında "Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" İB - nin (BİRA) sədri Zaur Qəriboğlu deyib. O, bildirib ki, cəmiyyətin kifayət qədər həssas olduğu bir dönəmdə belə videoçarxların hazırlanması yolverilməzdir: “Bu gün təsadüfən sosial şəbəkələrdə “Aşura haqda təsirli qısa film” adlı videoçarxı izlədim. Və dərhal BİRA-nın idarə heyətinin iclasını çağırıb, filmə yenidən birgə baxdıq. Məlum oldu ki, Azərbaycanın xalq artisti Həmidə Ömərovanın da baş rolda oynadığı bu qısa film əslində antiazərbaycançı qüvvələrin dövlətimiz əleyhinə hazırlamış olduğu təbliğat çarxıdır. İlk başlanğıcda radioda Azərbaycan musiqisi səslənir, ardınca, ölkədə günü-gündən azalan neftin qiymətinin artması bildirilir, ardınca isə Aşura günü haqqında məlumat verilir. Əsas məsələ də burdadır ki, bu səs yazıları ölkənin tanınmış televizya və radiolarından götürülüb. Daha sonrakı səhnədə hicablı müəllimə şagirdlərə Aşura haqqında məlumat verir. Müəllimənin arxa fonunda isə Azərbaycan əlifbası latın qrafikası ilə deyil, məhz kiril əlifbası ilə göstərilir. Bu kimi antiazərbaycan mesajları olan qısa videoçarxda təhtəlşüura ötürülən mesajlarla konkret Azərbaycan dövləti hədəfə alınır, əsl cihadın haqsızlığa etiraz etmək olduğu qeyd olunaraq, cəmiyyətdə əsrlərdir formalaşan birgəyaşayış modelinə qarşı ciddi təhlükələr törədilir. Videoçarxda eyni zamanda İslam dinində qəbul olunmayan din və məzhəb dözümsüzlüyü sıx sürətdə qabardılaraq, hətta uzaq Əfqanıstanda belə, özəlliklə şiə məscidlərinin partladılması, insanlara qarşı terror aktlarının törədilməsi qeyd olunur. Lakin çox qəribədir ki, videoçarx boyunca, bir dəfə də olsun Azərbaycanın haqlı davası – Qarabağ həqiqətləri barədə bircə kəlmə də olsa, məlumat verilmir. “Hər gün Aşura, Hər yer Kərbəla” olduğunu iddia edən videoçarxı hazırlayanlar görəsən, heçmi Azərbaycanın işğal altında olan ərazilərini – Dağlıq Qarabağı, əzəli, əbədi türk yurdu olan Qərbi Azərbaycanı yadlarına salmayıblar?! Ən azından işğal altında olan həmin ərazilərdə dağıdılan məscidlər, yerlə yeksan edilən müqəddəslərin məzarları barəsində bircə cümlə demək olardı məncə... Axı, bu videoçarx məhz Azərbaycanda fəaliyyət göstərən şirkət tərəfindən hazırlanıb…” Qeyd edək ki, adı çəkilən videoçarx “313 N” logası ilə “MFilMedia” şirkəti tərəfindən hazırlanıb. Qısa filmin rejissoru Mehdi Yaqubovdur. Düşünürük ki, ölkəmizdə fəaliyyət göstərərək, dini ayr-seçkilik yaradan, sətiraltı mənalarla Azərbaycan dövlətinə qarşı antitəbliğat aparan bu kimi şirkətləri idarə edənlər barədə ciddi ölçü götürüləcək.
Həmin videonu sizlərə təqdim edirik:
Şərhlər