Azərbaycanda pulsuz səhiyyə ləğv olundu, bütün dövlət xəstəxanaları pullu xidmətə keçir
26.10.2016 13:11 Sosreaksiya 1963
Azərbaycanda dövlət və bələdiyyə adından yaradılan tibb müəssisələri publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək. Bu, Nazirlər Kabinetinin “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə etdiyi dəyişiklikdə əksini tapıb. Bu müəssisələr “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra publik hüquqi şəxs statusunu əldə edəcək. (APA)
Müəssisə dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malik olmaqla, mülki vəzifələr daşıyacaq və onun hüquq qabiliyyətinə isə onun ləğvinin başa çatdığı an xitam veriləcək. Müəssisə publik hüquqi şəxsdir və müstəqil balansa, dövlət və ya bələdiyyə əmlakına, xəzinə və bank hesablarına, üzərində öz adı həkk edilmiş möhürə, müvafiq ştamplara və blanklara malik olacaq.
Qeyd edək ki, indiyə qədər dövlət adından yaradılan tibb müəssisələri qeyri-kommersiya hüquqi şəxs kimi fəaliyyət göstərib.
Azərbaycanda publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək dövlət xəstəxanaları qismən, bələdiyyə xəstəxanaları isə əsasən pullu xidmət göstərəcək.
Nizamnaməyə əsasən indiyə qədər dövlət xəstəxanalarının vəzifəsi pulsuz tibbi xidmət göstərmək olub. Bu müəssisələrin yalnız növləri Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış pullu tibbi yardım göstərmək hüququ var idi. Dəyişikliyə əsasən isə bundan sonra dövlət xəstəxanaları yalnız “Əhalinin sağlamlığı nın qorunması haqqında” qanunla müəyyən edilmiş hallarda pulsuz xidmət göstərəcək. Eyni zamanda, dövlət adından yaradılan müəssisələrdə əvvəlki qaydada növləri Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış pullu tibbi yardım xidməti olacaq.
Nizamnaməyə edilən digər dəyişikliyə əsasən bələdiyyə adından yaradılan müəssisələrdə pullu tibbi xidmət göstəriləcək. Yalnız “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda müəyyən edilmiş pulsuz tibbi xidmət göstərmə halları istisna olacaq.
Qeyd edək ki, “Əhalinin sağlamlığının qorunması haqqında” qanun pullu və pulsuz tibbi xidmətlərlə əlaqədar istisnaları müəyyən edir. Qanuna əsasən Azərbaycan ərazisində daimi yaşayan əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin onkoloji müəssisələrdə müayinə və müalicəsi ödənişli əsaslarla həyata keçirilir, onlara təxirəsalınmaz onkoloji yardım isə pulsuz göstərilir. İdmanla məşğul olan uşaqların, yeniyetmələrin, tələbələrin, əlillərin və pensiyaçıların, məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin dövlət tibb müəssisələrində pulsuz tibbi nəzarət olunmaq hüququ var. Hər bir vətəndaş ailənin planlaşdırılması, ətrafdakılar üçün təhlükə törədən xəstəliklərin mövcudluğu məsələlərinə və ailə-nigah münasibətlərinin tibbi-psixoloji cəhətlərinə dair, habelə nəsildə mümkün olan irsi xəstəliklərə yol verməmək məqsədilə yaşayış yerindəki dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz məsləhətlər almaq, müayinədən keçmək və dispanser nəzarətində olmaq hüququna malikdir. Hər bir qadın hamilələk dövründə, doğuş və doğuşdan sonrakı dövrdə dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla pulsuz təmin olunur. Məişət zorakılığından zərər çəkmiş şəxslər dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla pulsuz təmin edilir. Yetkinlik yaşına çatmayanların peşə yararlığı müəyyənləşdirilərkən pulsuz tibbi məsləhətlər almaq hüququ var. Pensiyaçıların evdə, dövlət səhiyyə sistemi müəssisələrində tibbi yardımla, eləcə də sosial müdafiə sistemi müəssisələrində tibbi-sosial yardımla pulsuz təmin olunmaq, tibbi rəy əsasında sosial sığorta və ya sosial-müdafiə orqanlarının vəsaitləri hesabına güzəştli şərtlərlə sanatoriya-kurort müalicəsi almaq və reabilitasiya olunmaq hüquqları var.
Eyni zamanda, fövqəladə vəziyyət elan olunmuş yerlərdə ziyan çəkmiş və ekoloji şəraitin əlverişsiz olduğu ərazilərdə yaşayan vətəndaşların qanunvericilikdə müəyyən edilmiş qaydada pulsuz tibbi yardım, sanatoriya-kurort, bərpa müalicəsi almaq, dərman vasitələri, immunbioloji preparatlar və tibbi məmulatlarla təmin olunmaq, eləcə də həyat və sağlamlıq üçün təhlükəli amillərin aradan qaldırılması məqsədilə gigiyenik və əksepidemik tədbirlərdən istifadə etmək hüquqları var. Fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlar pulsuz müalicə, o cümlədən sanatoriya-kurort müalicəsi və reabilitasiyanın bütün növləri ilə təmin olunmaq, qanunvericilikdə müəyyən edilmiş qaydada müavinət almaq hüququna malikdir. Qanuna əsasən özəl tibbi praktika ilə məşğul olan şəxslər təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan şəxslərə pulsuz tibbi yardım göstərməlidirlər. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ictimai təhlükəli xəstəliklərə tutulmuş vətəndaşlara, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət səhiyyə sisteminin müalicə-profilaktika müəssisələrində pulsuz tibbi-sosial yardım göstərilir, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada stasionar müalicə və dispanser müşahidəsi ilə təmin olunurlar.
Azərbaycanda publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək dövlət və bələdiyyə adından yaradılan tibb müəssisələrinin maliyyələşmə mexanizmləri açıqlanıb.
Bu, Nazirlər Kabinetinin “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə etdiyi dəyişiklikdə əksini tapıb.
Nizamnaməyə bu müəssisələrin nizamnamə fondu və əmlakı barədə müvafiq bölmə əlavə edilib. Beləliklə, bu müəssisələrin nizamnamə fondu tabe olduğu orqan tərəfindən verilmiş əmlak hesabına formalaşacaq. Müəssisələrin əmlakı nizamnamə fondundan, ona tabe olduğu orqan tərəfindən verilmiş digər əmlakdan, müvafiq olaraq, dövlət büdcəsindən və ya yerli büdcədən ayrılan vəsaitdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən və qrantlardan formalaşacaq. Bu müəssisələr əmlakı üzərində sahiblik və istifadə hüququnu yalnız məqsədlərinə uyğun olaraq sərbəst, sərəncam vermək hüququnu isə tabe olduğu orqanla razılaşdırmaqla həyata keçirəcək. Müəssisələrin tabe olduğu orqan müəssisənin öhdəlikləri üçün cavabdeh deyildir və onun fəaliyyəti ilə bağlı zərər üçün müəssisəyə verdiyi əmlakın dəyəri həddində risk daşıyacaq.
Bu müəssisələrin yenidən təşkili və ləğvi müəssisənin ləğvi və yenidən təşkili ilə bağlı məsələlər Mülki Məcəlləsi və “Publik hüquqi şəxslər haqqında” qanununa uyğun olaraq həyata keçiriləcək.
Şərhlər