Rusiya Azərbaycana yeni imtiyazlar verəcək

03.11.2016 11:42     Sosreaksiya     1129

Rusiya Azərbaycana ən müasir silahlar və ticarət əlaqələrində bir sıra üstün imtiyazlar tövsiyə edəcək.

Bunu Axar.az-a Rusiya Baş nazirinin müavini Dmitri Roqozinin Bakı səfərini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Azərbaycanın hökumətlərarası komissiyanın iclasından çox şey gözlədiyini vurğulayıb:

 

“Bu günlərdə Azərbaycan-Rusiya münasibətlərinə dair forum keçirildi. Bu forum iki ölkə münasibətlərini müttəfiqlik səviyyəsinə qaldırmaq məqsədi daşıyırdı. Hətta tərəflər öz hökumətlərinə müəyyən tövsiyələr hazırlayıb təqdim etmək niyyətindədirlər. Bunun ardınca hökumətlərarası komissiyanın iclası baş tutacaq. Roqozinin Bakıya səfəri isə indiki ərəfədə əlamətdar sayıla bilər. İclas konstruktiv bir məcrada keçəcək. Yəni Rusiya Azərbaycana ən müasir silahlar və ticarət əlaqələrində bir sıra üstün imtiyazlar tövsiyə edəcək”.

 

Rəsmi Bakının sözügedən iclasa çox ciddi surətdə hazırlaşdığını deyən politoloq yaxın zamanlarda Rusiya ilə birgə hərbi istehsalın təşkili istiqamətində perspektivlərin mümkünlüyünü istisna etməyib:

 

“Hazırda qarşıda duran əsas məsələ Ermənistan verilən İsgəndər-M raketlərini neytrallaşdıran cavab tədbirləri görməkdir. İsrailin baş nazirinin ölkəmizə səfərinə böyük ümidlər gözlənilir, ancaq Moskva ilə münasibətlər də önəmlidir. Güman edirəm ki, Roqozinin səfəri Azərbaycanın hərbi potensialının möhkəmləndirilməsi istiqamətində yeni yollar açacaq. Azərbaycan çalışır ki, özünün müstəqil hərbi sənaye kompleksini formalaşdırsın. Ordunun müasir silahlarla silahlandırılması sahəsində, hələ ki, bəzi dövlətlərdən asılılığımız qalır. Xüsusən Rusiya ilə silah alverində müəyyən imkanlar yaradılır və Azərbaycan da bu imkanlardan öz mənafeyi naminə istifadə edəcək. Hesab edirəm ki, Azərbaycan hərbi üstünlüyünü təmin etmək üçün lazım olan addımları atacaq və çox güman ki, Rusiya da buna müsbət cavab verəcək”.

 

Qeyd edək ki, Rusiya Baş nazirinin müavini Dmitri Roqozin dekabrda Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının iclasında iştirak etmək üçün Bakıya səfər edəcək.

Şərhlər

Çox oxunanlar