Ağstafa rayonunda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilmişdir - FOTOLAR
09.11.2016 18:01 Sosreaksiya 1195
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir. Xidmətin 2016-cı il üçün fəaliyyət planına əsasən, 9 noyabr 2016-cı il tarixdə Ağstafa Rayon İcra hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Ağstafa Rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəsinin müavini general-mayor Novruzəli Orucov, Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılmış, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aprel döyüşləri zamanı minlərlə Ağstafa sakininin düşmənlə döyüşmək üçün İcra Hakimiyyətinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli rayon şöbəsinə müraciət etməsinin ölkədə vətənpərvərliyin yüksək səviyyədə olduğunu sübut etdiyini bildirdi.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov qeyd etdi ki, Silahlı Qüvvələrimizin zabit heyətinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış hərbi təhsil müəssisələrinin böyük rolu vardır.
Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti tərəfindən ölkənin müxtəlif regionlarında keçirilən belə tədbirlərin gənc nəslin milli ruhda tərbiyə edilməsində müsbət təsirə malik olduğunu bildirdi.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli bildirdi ki, həyata keçirilən islahatlar nəticəsində bugün Azərbaycan Silahlı Qüvvələri ən müasir silahlarla, hərbi texnika ilə təmin olunub, şəxsi heyətin döyüş ruhu yüksəkdir.
Tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılmışdır.
Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Ağstafa rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış etmişlər.
Şərhlər