Sosial şəbəkələrdə Ağdam harayı

23.07.2015 12:03     Sosreaksiya     2701

Bu gün  bizə çox ağır olan bir gündür, Qarabağın  ayrılmaz parçası olan Ağdamın erməni təcavüzkarları tərəfindən işğal olunduğu gün. Bu gün sosial şəbəkələrdə Qarabağlı jurnalistlər öz təsuratlarını paylaşıblar. 

Jurnalist Günay Yelmarqızı çox yanğılı status paylaşıb. Ancaq “Qarabağ” futbol komandasının Monteneqronun “Rudar” komandası ilə dünənki oyunda qalib gəlməsi xanım jurnalistimizdə qələbə gününə az qaldığı barədə böyük ümid yaradıb. “23 iyul tarixi mənim həyata 1-0 məğlub olduğum gündur. O vaxtdan mübarizə aparırıq. İkinci mərhələdə vəziyyət hələ ki, heç-heçədir. Nə həyat məni tam məğlub edə bilib, nə də mən bu mübarizənin mütləq qalibiyəm. Amma inanıram ki, Ağdamın işğaldan azad olduğu gün mən bu mübarizənin şəksiz qalibi olacağam. O zaman yaşadığm bütün çətinliklərin, qarşılaşdığım bütün haqsızlıqların ağrısı yox olacaq. O zaman illərdir altında əzildiyim qaçqın damğası da silinəcək. O zaman indi daşı daş üstündə qalmayan evimizin bünövrəsi üzərində eynən o formada bi rev ucalacaq. İtirdiyim uşaqlığımı qaytarmaq mümkün olmasa da o evin hər küncündə uşaqlıq xatirtələrim canlanacaq. Vətən insanın doğulduğu torpaqdan başlanır. Mənimçün bu gün Ağdam “Qarabağ” idi. “Qarabağın” ın 23 iyuldakı qələbəsi Ağdamdakı 23 iyul məğlubiyyətinə son qoyulacağına bir işarədir mənimçün. Məğlubiyyət tarixi qələbə tarixinə də çevrilə bilər. Mən buna inanıram. İnanıram ki, 23 iyul Ağdamın işğal tarixi olaraq türixə düşdüyü kimi azad olunduğu gün kimi də tarixdə qalacaq!!! O zaman mən də Qalib olacağam!!!”

Jurnalist İlqar Atabəyli Ağdamın Novruzlu kəndindən olan və Novruzlu aeroportunun qorunmasında böyük xidmətləri olan mərhum əmisi Əlövsət Atabəylinin şeirini paylaşıb. “Mərhum əmim Əlövsət Atabəyli Qarabağ uğrunda gedən döyüşlərdə könüllü iştirak edib.. Çingiz Mustafayevin Xocalıdan sağ çıxmasında payı olub. onun dəstəsinin uşaqları idi Çingizi qoruyan. həvəskar şair idi...

Vətən sevgisi, torpaq həsrəti heyif ki, onu aramızdan tez apardı..

Ölümündən sonra “ Qarabağın qəm dəftəri” adlı altında şeirlər toplusu nəşr olundu...son şerlərindən biri.

Vətən mənə oğul demə!

Vətən mənə oğul demə!

Məndən oğul ola bilməz,

Vətəni işğalda olanın,

Oğlu oğul ola bilməz!

Vətən harda gör biz harda,

Restoranda, gah bulvarda,

Nə gəzirik buralarda,

Bizdən oğul ola bilməz!

Səfərbərlik eyləməsək,

Vətəni azad etməsək,

Qarabağa biz getməsək,

Bizdən oğul ola bilməz!

Vətən deyib hayqırmasaq,

Vətəni biz qaytarmasaq,

Novruzluya qayıtmasaq,

Bizdən oğul ola bilməz!

Gələrik biz cəsarətə,

Son qoyarıq xəcalətə,

Söz verin siz Əlövsətə,

Yaxşı söz deyə bilməsə,

Ondan oğul ola bilməz!”

 

Hər zaman Qarabağla bağlı düşüncələri, yazıları, statusları ilə fərqlənən jurnalist Rəsmiyyə Qarayeva isə sosial şəbəkədəki statusunda bunları yazıb: “23 iyul 1993. Düz 22 il əvvəl əvvəl bu tarixdə Azərbaycanın Ağdam rayonu işğal olundu. Allah səbrimizi kəssin!

Jurnalist Rəbiyyə Zərdabi: "Şəhəri işğal altında olanlardanam...AĞDAM... Uşaqlığımın şəhəri...Dostlarımı itirdiyim şəhər...Evimiz...Baxcamız...Kəhrizimiz...Nələr...Nələr.... Dünyada ən ağır dərd evini itirməkdir...Geri qayıdarmı..?????"

“Əsir düşərgəsi” adlı rubrikada yazdığı yazılarla oxuculara Qarabağ dəhşətlərini virtual olaraq çatdıran jurnalist Vüsalə Məmmədova: “Sülhə gedən yolu yarıladıq. 23 il də keçsə, biz - Qarabağı görən ən son qarabağlılar da ölüb getsə, nəhayət bu torpaqlara sülh gələcək. Babalarımız kimi, nəvələrimiz də heç nə olmamış kimi yenidən, sıfırdan həyata başlayacaq. Arada məhv olan bizim həyatımız oldu”.

Jurnalist Günel Musa isə statusunda bunları yazıb: “Bu gün Ağdamın əsir düşdüyü gündür. Görəsən doğulduğum doğum evinin neçə daşı daş üstündə qalıb”.

Şərhlər

Çox oxunanlar