Milli Məclisdə yaşıllıqların məhvinə görə cəzaların daha da ağırlaşdırılması tələb edilib
11.11.2016 13:05 Sosreaksiya 1289
Milli Məclisin iclasında deputatlar ağacların, yaşıllıqların məhvinə görə cəzaların ağırlaşdırılmasını tələb ediblər.
APA-nın məlumatına görə, Fərəc Quliyev bildirib ki, yaşıllıqların məhvi ilə əlaqədar daha sərt addımlar atılmalıdır. O qeyd edib ki, Yasamal rayonunda bir gecədə 40 ağacı kəsiblər: “Biz qanunları dəyişirik, amma şəhərin mərkəzində yaşıllığı qırıb, yerində bina tikirlər. Şəhər, məhəllə salınırsa, kənarda salınsın. Bu əməlləri törədən adamlar cəzalandırılmalıdır və bizim qanunlar kağız üzərində qalmamalıdır”.
F. Quliyev parlamentə səslənən fikirləri ümumiləşdirərək müvafiq qurumlara göndərməyi təklif edib: “Bəlkə nazirlər burada səslənən təklifləri nəzərə alacaq”.
Oqtay Əsədov isə deyib ki, yaranmış vəziyyətə görə cərimələr daha da sərtləşdirilir: “O ki qaldı buradakı çıxışlara, səslənən fikirlər stenoqramda əksini tapır və bütün ünvanlara çatır”.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, zamanında yaşıllıqların qırılması ilə bağlı faktlar az idi, ancaq indi məsələni aktual edən qanunsuzluqların artmasıdır: “Qanunsuz hallar baş verirsə, ona qarşı sərt tədbirlər görülməlidir”.
Qüdrət Həsənquliyev isə Bakı şəhərində ağac yetişdirməyin nə qədər çətin olduğuna diqqət çəkib: “Biz bilirik ki, Bakı şəhərində oksigen çatışmazlığı var, bu da yaşıllıqların az olması ilə əlaqədardır. Biz övladlarımızın sağlamlığı naminə yaşıllıqları qorumalı və artırmalıyıq”.
Deputat sanksiyaları sərtləşdirməyi təklif edib. O, vəzifəli şəxslərin min manat cərimə olunması ilə bağlı dəyişiklik təklifinə toxunaraq bunun az olduğunu söyləyib: “O şəxs ağacı kəsdikdən sonra həmin məbləği ödəyəcək. İlk növbədə vəzifəsini yerinə yetirə bilməyən məmur işdən azad olunmalıdır. Qanundan alternativ sanksiya çıxarılmalıdır. Çünki alternativ sanksiya nəzərdə tutulanda məhkəmə daha yüngül cəza verir. Vəzifəli şəxs qanunu pozursa, birinci cəza onun vəzifədən çıxarılması olmalıdır”.
Şərhlər