Banqladeş və Pakistan vətəndaşları həmvətənlərini iş adı ilə aldadaraq Azərbaycana gətiriblər
15.11.2016 14:23 Sosreaksiya 1064
Oktyabr ayı ərzində 2299 əcnəbi tərəfindən Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.
Dövlət Miqrasiya Xidmətindən (DMX) Trend-ə verilən məlumata görə, onlardan 18-nin Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 212 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1576 əcnəbinin Azərbaycan ərazisini 48 saat ərzində tərk etmələri, 493 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.
Ümumiyyətlə, ay ərzində Dövlət Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 10 807 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 45 874 əcnəbinin müraciəti qeydə alınıb.
DMX tərəfindən ay ərzində respublikanın ayrı-ayrı bölgələrində 6 maarifləndirmə tədbiri keçirilib.
Dövlət Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı isə 3 nəfər Pakistan İslam Respublikası və 4 nəfər Banqladeş Xalq Respublikası vətəndaşı saxlanılıb.
Araşdırma zamanı Banqladeş vətəndaşı Rony MD Iftekjeir Uddin və Pakistan vətəndaşı Latif Muhammadın gəlir əldə etmək məqsədilə öz həmvətənlərini işə düzəltmək adı ilə aldadaraq Azərbaycana gətirdikləri müəyyən edilib. Belə ki, bu şəxslər Azərbaycan Respublikasına yalan vədlərlə dəvət etdikləri Banqladeş və Pakistan vətəndaşlarını müxtəlif ünvanlarda yerləşdirib, onlara qanunsuz yollarla müvəqqəti yaşama icazələrinin alınmasına dair razılığa gəliblər. Öz qanunsuz əməllərini Azərbaycanda əyani təhsil ilə pərdələməyə çalışan Banqladeş vətəndaşı Rony MD Iftekjeir Uddinin həmvətəni Miah Tanıma müvəqqəti yaşama icazəsi alınmasını vəd etdiyi və bunun müqabilində ondan 2000 manat tələb etdiyi məlum olub.
Eyni zamanda Rony MD Iftekjeir Uddin ilə əlbir olan Latif Muhammadın Pakistan vətəndaşı Tariq Muhammad Hassana müvəqqəti yaşama icazəsi alınması üçün onun Azərbaycan vətəndaşı Əliyeva Zəhra Allahverdi qızı ilə məqsədli nikaha daxil olmasını təşkil etdiyi müəyyən edilib. Aparılmış söhbət zamanı Z.Əliyeva Latif Muhammadın ona Tariq Muhammad Hassanla nikaha daxil olması müqabilində 300 manat təklif etdiyini bildirib. Z.Əliyeva Latif Muhammadın bu təklifi ilə razılaşdığını, lakin sonradan ortaya çıxan bir sıra çətinliklər səbəbindən Tariq Muhammad Hassanla nikahlarını rəsmiləşdirə bilmədikləri qeyd edib. Bununla yanaşı, Z.Əliyeva Tariq Muhammad Hassanla yalnız sənəd üzərində ailə quracağını, onunla birgə yaşamağı planlaşdırmadığını etiraf edib.
Keçirilmiş tədbirlər nəticəsində Latif Muhammad və Rony MD Iftekjeir Uddinin əməlləri ifşa olunub və saxlanılan əcnəbilər müvafiq inzibati məsuliyyətə cəlb ediliblər.
Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.
Şərhlər