QAT Meydan hərəkatına həsr olunan tədbir keçirib - FOTOLAR

16.11.2016 16:17     Sosreaksiya     1406

16.11.2016.“Meydan hərəkatı ilə başlayan yol və Qarabağ” mövzusunda dəyirmi masa keçirilib

Noyabrın 16-da Qarabağ Azadlıq Təkilatının (QAT) təşəbbüsü ilə “Meydan hərəkatı ilə başlayan yol və Qarabağ” mövzusunda dəyirmi masa keçirilib. Azərbaycanın dövlət himni ilə başlanan tədbirdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. 

 

Tədbirdə iqtidar, müxalifət təmsilçilərinin, millət vəkillərinin, ekspertlərin iştirakı nəzərdə tutulsa da, əksəriyyət qatılmayıb. Dəyirmi masada meydan hərəkatının liderləri, fəalları, həmçinin bir neçə partiya sədri, təmsilçisi, politoloq və ziyalılar iştirak ediblər.QAT sədri Akif Nağı tədbirə gəlməyənləri Qarabağ probleminə biganə olmaqda günahlandırdı. “Meydanda hamımızı Qarabağ problemi bir araya gətirmişdi. Ondan sonrakı dövrdə nə oldu? Meydan hərəkatında qarşıya qoyduğumuz vəzifələrə, məqsədə çatdıqmı? Bu gün hansı vəziyyətdəyik? İndi xalqı ittiham etmək üçün deyirlər ki, bir ağacın kəsilməsinə görə meydana çıxıblar. Amma elə deyildi. Bu, xalqın yığılıb saxlanan aqressiyasının partlaması idi”,- deyə A.Nağı qeyd edib. 

 

O, həmçinin bildirib ki, bu gün ordumuzun hazırlıq səviyyəsi erməni işğalında olan torpaqlarımızın müharibə yolu ilə azad ediləcəyinə ümidləri artırır: “Torpaqların işğaldan hərbi yolla azad olunması üçün ölkənin qüdrəti var. 60 minlik Azərbaycan Ordusu bu gün təlimlər keçirir. Bu, az bir iş deyil. Bunu o cür qəbul edirik ki, Azərbaycan hökuməti torpaqları hərbi yolla azad etməyə hazırdır. Müharibədən başqa yol yoxdur. Müharibə yolunu seçməyə biz cəmiyyət olaraq hökuməti təşviq etməliyik. Azərbaycan əgər müharibəyə başlayırsa, arxa cəbhənin stabilliyidir. O zaman arxa cəbhədə bu, yox idi. Azərbaycan cəmiyyətinin mənəvi birliyinin olmasını istəyirik”. 

 

Meydan hərəkatının liderlərindən olan Nemət Pənahlı isə çıxışında bildirib ki, xalq öz iradəsini meydan hərəkatı zamanı ortaya qoyub: “Milli birlik və milli dövlətçiliyin olmaması faciələrimizin başlıca səbəbidir. Milli birlik olarsa, heç bir xarici güc o millətə bata bilməz. Milli qüvvələrin, vətənpərvər qüvvələrin bir araya gəlməsi vacibdir”. 

 

Milli Şuranın sədri Cəmil Həsənli isə qeyd edib ki, meydan hadisələri Azərbaycanın tarixində də taleyində önəmli bir gün, önəmli bir dövr olub: “Azərbaycanda bir inqilabın başlanğıc mərhələsi idi və bu inqilab sistem dəyişikliyi ilə nəticələndi. Noyabr hadisələri milli düşüncənin formalaşmasında, vətənçiliyin formalaşmasında, müstəqillik ideyasına doğru hədəflərin müəyyən edilməsində əhəmiyyətli hadisə olub”. 

 

Ekspert Mübariz Əhmədoğlu da 17 noyabrın əhəmiyyətindən danışıb və bu günkü geosiyasi vəziyyətin məhz Azərbaycanın xeyrinə olduğunu əsaslandırmağa çalışıb. O, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll ediləcəyinə inamını ifadə edib.

 

Qeyd edək ki, Milli Dirçəliş günü 1988-ci ilin noyabr-dekabr aylarında paytaxt Bakıda olan hadisələrlə bağlıdır.Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapıb. 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında xalqın uzunmüddətli mitinqləri başlayıb. Mitinqlər 17 noyabrdan 5 dekabra qədər davam edib. Bu da Azərbaycanda milli-azadlıq hərəkatı kimi qiymətləndirilir.

 

 

 

Şərhlər

Çox oxunanlar