Hüseyn Bağırov BMT-nin tədbirində çıxış edib

17.11.2016 12:17     Sosreaksiya     1363

Noyabrın 14-17-də Mərakeşdə BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının 22-ci Tərəflər Konfransı keçirilib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, açılış mərasimində BMT-nin baş katibi Pan Ki Mun və Mərakeş kralı 6-cı Məhəmməd iştirak edib. Dünyanın 194 ölkəsindən 15 minə yaxın nümayəndənin iştirak etdiyi konfransda Azərbaycanı ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. 

 

Noyabrın 16-da konfransın yüksək səviyyəli seqmentinin plenar iclasında H. Bağırovun Azərbaycanda İqlim dəyişmələrinə qarşı mübarizə sahəsində əldə edilmiş nailiyyətlər və gələcəkdə nəzərdə tutulan vəzifələrə dair çıxışı dinlənilib. H. Bağırov çıxışında qlobal iqlim dəyişmələrinin bütün bəşəriyyət üçün böyük təhlükə olduğunu və bu təhlükənin qarşısının alınması üçün Azərbaycanın 2030-cu ilə qədər istilik effekti yaradan tullantıların 35 faiz azaldılmasına dair iddialı öhdəliyi hədəf kimi götürdüyünü bəyan edib. Nazir bildirib ki, Azərbaycanda qlobal iqlim dəyişmələrinə qarşı götürülən öhdəliklərin yerinə yetirilməsi istiqamətində konkret tədbirlər həyata keçirilib və bundan sonra da tullantıların azaldılması üçün konkret layihələrin reallaşdırılması davam edəcək.

 

H.Bağırov çıxışında Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə təbii sərvətlərin vəhşicəsinə talan edildiyini, meşələrin amansızcasına yandırıldığını nəzərə çatdırıb və bu cür amillərin götürülən öhdəliklərin yerinə yetirilməsinə mane olduğunu, Birləşmiş Millətlər Təşkilatının bu sahədə təsir gücünün daha da artırılmasının vacibliyini vurğulayıb.

Şərhlər

Çox oxunanlar