Elmar Məmmədyarov: Ermənistan desktruktiv və təxribatçı addımlarla danışıqları pozmaq siyasəti yürüdür

17.11.2016 18:18     Sosreaksiya     1083

Xarici işlər naziri Elmar Məmmədyarov Portuqaliya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Parlamentinin xarici əlaqələr və portuqal icmaları Komitəsinin vitse-prezidenti Pedro Filipe Soares ilə görüşüb.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə iki ölkə arasında dostluğun və əməkdaşlığın inkişaf etdirilməsində parlamentlərarası əlaqələrin və parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil edilməsinin əhəmiyyəti qeyd olundu.

Elmar Məmmədyarov Azərbaycanın Avropa İttifaqı üzv ölkələri və Aİ ilə əlaqələrindən danışaraq Aİ Şurasının verdiyi mandat əsasında Azərbaycanla Aİ arasında strateji tərəfdaşlığa dair saziş layihəsi üzrə tezliklə danışıqlara başlanılmasının müsbət addım olduğunu diqqətə çatdırdı. O əlavə etdi ki, bu saziş nəticə etibarilə Azərbaycan və Aİ arasında əlaqələrin hərtərəfli inkişafına əsaslı hüquqi çərçivə yaradacaqdır.

Görüşdə Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların son vəziyyəti barədə həmsöhbətinə məlumat verərək Ermənistanın desktruktiv və təxribatçı addımlarla danışıqları pozmaq siyasəti yürütdüyünü vurğuladı.

Pedro Filipe Soares bu səfərin iki ölkə arasında siyasi dialoqun güclənməsinə və əməkdaşlıq əlaqələrinin genişlənməsinə mühüm töhfə verdiyini dedi. O, Portuqaliyanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafını dəstəklədiyini diqqətə çatdırdı.

Həmçinin, görüş zamanı iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıldı.

Şərhlər

Çox oxunanlar