Hicran Hüseynova: "Əsir və itkin düşmüş, girov götürülmüş 60 uşaqdan heç bir xəbər yoxdur "
18.11.2016 12:22 Sosreaksiya 1514
“Azərbaycanda qaçqın və məcburi köçkün uşaqların sayı 330 min 80 nəfərdir”.
APA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. O bildirib ki, bu uşaqlar normal şəraitdən, uşaq mühitindən kənarda böyüyür. Belə uşaqların lazımi təhsil alması, cəmiyyətdə uğurlu mövqe tutması üçün mühüm işlər görülsə də, onlar uşaq vaxtlarında güclü stress keçiriblər.
H. Hüseynova qeyd edib ki, Azərbaycanda müharibə dövründə əsir və itkin düşmüş və girov götürülmüş 3024 nəfərdən 60-ı uşaqdır: “ Onlardan 20-si qız, 40-ı oğlandır. Uzun illərdir, həmin uşaqlar haqqında heç bir məlumat ala bilmirik”.
Komitə sədri əlavə edib ki, hazırda ölkədə valideyn-uşaq münasibətlərində də bəzi problemlər var: "Bu münasibətlər bəzən düzgün qurulmur və onlar bir-birilərini başa düşmür. Valideyn məsuliyyətinin artırılması ilə bağlı qanunvericilikdə də dəyişiklər olub. Bu gün ata qızını ailə qurmağa məcbur edirsə, o, cinayət məsuliyyəti daşıyır. Bəzən valideynlər övladını istədiyi ailəyə verə biləcəyini düşünürlər. Bu, tamamilə yanlışdır. Hər bir övlad gələcəyimizdir və onlar cəmiyyətin bir üzvüdür. Bu gün bəzi övladların valideynləri tərəfindən məcburi, erkən yaşda ailə qurmağa sövq edilməsi gələcəkdə xəstə uşaqların doğulması, sonradan ailələrin dağılması və digər mənfi hallarla nəticələnir".
Şərhlər