Nazirin aylıq 300 mini, Qarabağ qazisinin 55 manatı...
18.11.2016 13:10 Sosreaksiya 1170
Əhməd Qəşəmoğlu: “Azərbaycanda bütün sahələrdə sosial ədalətsizlik var”; Rey Kərimoğlu: “Bu vicdansızlıqdır”
Natiq Cəfərli: “Günə 10 min manatın ağılla xərclənməsi Bakı reallığında mümkün deyil”
Deputat Aytən Mustafayeva Milli Məclisin Əmək və sosial siyasət komitəsinin son iclasında əlillərə verilən 55 manat müavinətin utancverici olduğunu deyib. O, komitə iştirakçılarına sualla müraciət edərək soruşub ki, əlil ona verilən 55 manatlıq müavinətlə necə yaşaya bilər?
“Rabitə işi” adlandırılan məhkəmədə isə üzə çıxıb ki, sabiq nazir Əli Abbasovun aylıq xərcləri üçün 300 min manat civarında vəsait ayrılırmış. Nazirin 300 min manatı, sağlamlığını vətən uğrunda qurban vermiş Qarabağ qazilərinin isə aylıq təqaüdü 55 manat... Sosial ədalətsizliyin bu həddə olması daha utancvericidir. Qarabağ qazisinin aldığı 55 manatla yalnız 5 kilo ət almaq mümkündür. Amma nazirin aldığı 300 min manatı Azərbaycan daxilində xərcləməklə qurtarmaq mümkün deyil.
Maraqlıdır, Azərbaycandakı bu sosial ədalətsizliyin səbəbi nədir? Bunun qarşısını necə almaq olar?
Sosioloq Əhməd Qəşəmoğlu Azərbaycanda bütün sahələrdə sosial ədalətsizliyin olduğunu dedi: “Vətən uğrunda iki ayağını, sağlamlığını itirmiş adamların təqaüdləri çox olmalıdır. Əhalinin elə təbəqəsi var ki, onlar hədsiz dərəcədə az əmək haqqı alır, eləsi də var ki, çox. Təsəvvür edin ki, professor ömrü boyu işləyir və onun aldığı təqaüd heç 200 manat da deyil. Amma hansısa adam prokuror işləyibsə, o, 2 minə yaxın təqaüd alır. Bu adam prokuror işlədiyi dövrdə ailəsi üçün müəyyən işlər görüb, maddi bazası var. Amma professor ömrü boyu işləyib, lakin kasıb yaşayır. Təqaüdə çıxanda da 200 manat alır. Burada heç bir məntiq yoxdur ki, niyə professor prokurordan 10 dəfə az təqaüd alır. Prokurora nə qədər verirlər versinlər, amma professora da elə təqaüd vermək lazımdır ki, heç olmasa dərmanlarını ala bilsin”.
Qarabağ qazisi Rey Kərimoğlu isə iki ayağını vətən uğrunda itirmiş birinə 75 manat verib onu taleyin ümidinə buraxmağın vicdansızlıq olduğunu dedi: “Biz Qarabağ Qazilər Birliyi bu məsələni dəfələrlə qaldırmışıq. Təəssüflər olsun ki, deputatlar indi bu məsələni qaldırır. 2014-cü ildə Ağdamda hər iki ayağını itirmiş Qarabağ qazisinə dövlət bu gün 75 manat təqaüd verir. Bu yolverilməzdir, dövlətin, dövlət başçısının siyasətinə ziddir. Bu problemlər həll olunmalıdır. Milli Məclis bu məsələlərə baxmalıdır, qanunda dəyişiklik edilməli, təqaüd artırılmalıdır. Bu sosial ədalətsizlik aradan qalxmalıdır”.
R.Kərimoğlu onlara verilən təqaüdlə nəinki aylıq dolanışığın mümkün olmadığını, heç dərmanlarına yetmədiyini dedi: “Bizə verilən aylıq təqaüdlə nəinki aylıq ərzaq tələbatını ödəmək mümkün deyil, heç dərmanlarımıza yetmir. Neçə ildir bizə az təqaüd verən insanlar tapılıb cəzalandırılmalıdır. İki ayağını itirmiş oğlana 75 manat verib onu taleyin ümidinə buraxmaq olmaz. Bu vicdansızlıqdır. Biz neçə illərdir bunu deyirik, amma eşidən yoxdur. İndi bu məsələ aktuallaşıb. Ümid edirik ki, deputatlar düşünüb ədalətli qərar verib məsələni həll edəcəklər”.
Maraqlıdır, sabiq nazirin aldığı 300 min manatı Azərbaycan daxilində necə xərcləmək olar? Ümumiyyətlə, hər ay 300 min manat xərcləmək mümkündürmü?
İqtisadçı ekspert Natiq Cəfərli bu pulun ağıllı başla xərclənməsinin qeyri-mümkün olduğunu dedi: “300 min manat sabiq nazirin rəsmi maaşı deyil, korrupsiya sistemləri ilə bağlı ona düşən vəsait idi. Qarabağ uğrunda döyüşən insanlara belə aşağı təqaüdün verilməsi təbii ki, sosial ədalətsizlikdir. Ümumiyyətlə, ölkədə sosial ədalətsizlik kifayət qədər yüksək səviyyədədir ki, bu da hökuməti ən çox düşündürən məsələlərdən biri olmalıdır. Çünki sosial ədalətsizlik gec-tez sosial gərginliyə gətirib çıxarır və hökumət bu barədə ciddi düşünməlidir. Qaldı ki, 300 min manatı xərcləməyə, günə 10 min manat düşür və təbii ki, gündə 10 min manatı istəsən də belə xərcləyib qurtara bilməzsən. Çox güman ki, bu vəsaitin hamısı xərclənməyə sərf olunmayıb. Bir hissəsi yığıma, bir hissəsi obyektlərin, yaxud da daşınmaz əmlakın alınmasına yönəlib. Bir çox həbs olunmuş məmurların işində görürük ki, onlarla, bəzən də yüzlərlə daşınmaz əmlaka sahib olublar. Deməli, bu vəsait həm də bu yöndə xərclənib. Günə 10 min manatın ağılla xərclənməsi Bakı reallığında mümkün deyil. Çünki restorana da getsəniz, özünüzə hər hansısa bir geyim də alsanız, belə bu vəsaiti xərcləmək, həm də hər gün bunu təkrar etmək mümkün deyil”.
Günel MANAFLI
Şərhlər