ETSN: Azərbaycanda sürüşmə və subasma sahələrinin sayı artıb

18.11.2016 13:51     Sosreaksiya     1181

Azərbaycanda sürüşmə və subasma sahələrinin sayı artıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov APA-ya deyib ki, son aylar ərzində Bakı, Abşeron yarımadası və bölgələrdə 11 yeni sürüşmə sahəsi əmələ gəlib.

 

O bildirib ki, noyabr ayının ilk on günlüyündə cənub bölgəsi və Şamaxı-İsmayıllı rayonlarında monitorinq işləri aparılıb: “Ay ərzində düşən intensiv atmosfer yağıntıları mövcud sürüşmə sahələrində aktivləşməyə səbəb olub. Eyni zamanda, kiçik miqyasda yeni çökmə və sürüşmə sahələri əmələ gəlib. Cəlilabad-Sadatlı yolunun 12-13-cü km-də mövcud sürüşmə sahəsi aktivləşib. Lənkəran rayonunun Şovu kəndində ayrı-ayrı sahələrdə sürüşmə baş verib. Sürüşmə fərdi yaşayış evləri üçün ciddi təhlükə yaradıb. Bundan başqa, Lerikin bir neçə dağ kəndində yeni lokal sürüşmə və çökmə prosesləri qeydə alınıb”.

 

“Şamaxıda Çuxuryurd gölü var ki, bu gölün qidalanması bilavasitə atmosfer yağıntıları hesabınadır. Bunun nəticəsində isə göldə suyun səviyyəsi qalxıb. Gölün sağ kənarından Dədəgünəş kəndinə gedən yolda çökmə və sürüşmə baş verib. Yolda çökmə və sürüşmənin baş verməsinə məhz göldə suyun səviyyəsinin qalxması səbəb olub. Bundan başqa, Şamaxının Cabanı kəndində yeni sürüşmə sahəsi yaranıb. Sürüşmə kənd ərazisində yolun tam sıradan çıxması ilə nəticələnib. Rayonun Qaleybuğurd kəndində lokal sürüşmə baş verib ki, bu da fərdi yaşayış evləri üçün təhlükə yaradıb. Növbəti mərhələdə monitorinqlərimiz Kiçik Qafqaz və şimal bölgəsində davam etdiriləcək”, – deyə S. Əmiraslanov qeyd edib.

Şərhlər

Çox oxunanlar