Millət vəkili Q.Paşayeva Beynəlxalq Qadın Konfransında köçkün qadınlardan danışıb.

19.11.2016 11:45     Sosreaksiya     1134

İstanbulda  TÜRKONFED-in təşkilatçılığı ilə keçirilən “Dayanıqlı iqtisadiyyatda qadınların rolu” adlı beynəlxalq konfransda çıxış edən millət vəkili Q.Paşayeva dünyanın bir sıra bölgələrindən gəlmiş siyasətçi, millət vəkili, QHT, KİV rəhbərləri və İş dünyasının tanınmış qadınlarına  köçkün qadınlarla  bağlı çağırış edib.  "Köçkünlərin artması, onların problemləri bizi ciddi narahat etməlidir və biz birlikdə harada baş verməsindən asılı olmayaraq insanları köçkün salan səbəblərlə ciddi mübarizə aparmalıyıq" deyən millət vəkili Q. Paşayeva Ermənistanın torpaqlarımızın 20 faizini işğalı nəticəsində evindən köçkün düşmüş, evini, işini itirmiş və 20 ildən artıqdır ki öz torpağına, yurduna dönə bilməyən qadınlarımızdan danışıb. Azərbaycan dövləti tərəfindən köçkünlərlə bağlı həyata keçirilən geniş layihələr barədə də danışan millət vəkili Q.Paşayeva dünyanın fəal qadınlarını köçkün qadınların acılarına daha duyarlı olmağa çağırıb.  Toplumun və dünyanın inkişafı qadınların təhsilindən və inkişafından keçir  deyən millət vəkili Qənirə Paşayeva “Unutmamalıyıq ki, zorakılığa məruz qalan qadınlar arasında savadsız, təhsilsiz, heç bir peşənin sahibi olmayan, iqtisadi baxımdan özünü idarə edə bilməyənlər, öz hüquqlarını bilməyən qadınlar əksəriyyət təşkil edir,” - deyib. "Savadlı cəmiyyət savadlı anadan keçir", - deyən millət vəkili Qənirə Paşayeva "qadın haqlarına sayğı duymayan, onu qorumayan, qorunmasına dəstək verməyən, qadın haqlarının pozuntusuna qarşı səsini ucaltmayan, mübarizə aparmayan bir insan cəmiyyətin, dünyanın və insanlığın bu günü və sabahını düşünməyən insandır", - deyib . "Məndən bəzən soruşurlar. Sizcə  aydın kişi necə olmalıdır? Mənim isə cavabım belə olur. “Qadın haqlarına sayğı duyan, onu pozmayan, qadın haqlarını müdafiə edən, onu tapdalayanlara qarşı etirazını söyləyən, qadının inkişafına dəstək verən kişi aydın kişidir. Çünki o insanlığın, cəmiyyətin və dünyanın bu günü və gələcəyini düşünür”. O, bildirib ki, feminisidin və qadınlara qarşı zorakılığın geniş yayıldığı cəmiyyətdə insan haqlarının qorunmasından danışmaq mümkünsüzdür. Çox ciddi narahatlıq doğuran və təəssüf yaradan fakt ondan ibarətdir ki, getdikcə zorakılığın müxtəlif növlərindən əziyyət çəkən qadınların, zorakılıq qurbanlarının sayı artır.  Məsələn, insan alveri qurbanlarının sayının getdikcə daha da çoxalması bizi ciddi narahat etməlidir. Çünki onların əksəriyyətini qadınlar təşkil edir və bu qadınlar zorakılığın qurbanıdırlar. Bundan başqa bu gün qadınlara qarşı zorakılığın daha geniş yayılmış forması olan qadınlara qarşı məişət zorakılığı ilə mübarizə sahəsində də fəaliyyətimizi daha da gücləndirməyə ciddi ehtiyac var. Qadınlara qarşı ayrı-seçkiliyin olduğu, qadınlara qarşı zorakılığın geniş yayıldığı, gender bərabərliyinin təmin olunması istiqamətində fəal iş aparılmayan ölkə və cəmiyyətlər uğursuzluğa düçardır. İnsanlar arasında bu mövzuda daha geniş maarifləndirmə işlərinin aparılmasına, qızların təhsilinə və peşələrə yiyələnməsinə diqqəti daha da artırmağa böyük ehtiyac var. Aparılan araşdırmalar göstərir ki, zorakılığa məruz qalan qadınlar arasında savadsız, təhsilsiz, heç bir peşənin sahibi olmayan, iqtisadi baxımdan özünü idarə edə bilməyənlər, öz hüquqlarını bilməyən qadınlar əksəriyyət təşkil edir. Qadınlar həm də gənc nəslin tərbiyəçisi, cəmiyyəti quran ailənin özəyidirlər. Onlar gənc nəslə ali dəyərlər və ali prinsiplər aşılayırlar. Bunun üçün isə qadınlar savadlı olmalı və mükəmməl təhsil almalıdırlar.  “İnkişaf edən cəmiyyət və dövlət inkişaf edən qadından keçir”, – deyən millət vəkili  Qənirə Paşayeva  qadınların ictimai həyatın hər bir sahəsində, cəmiyyətin və dövlətin  bütün sahələrində rolunun daha da artmasına və genişlənməsinə böyük ehtiyac olduğunu vurğulayıb və Azərbaycanda bu istiqamətdə görülən işlərdən də danışıb. O bildirib ki, dünyanın hər yerində gender bərabərliyi istiqamətində maarifləndirmə, təbliğat-təşviqat işlərinin daha da genişləndirilməsinə böyük ehtiyac var.Qadın haqlarının müdafiəsi, gender bərabərliyi, qızların təhsili, qadına qarşı zorakılıqla mübarizə istiqamətində uğurların əldə edilməsində dövlət siyasətinin önəmli yer tutmasının vacibliyini vurğulayan millət vəkili Qənirə Paşayeva Azərbaycanda bu istiqamətdə həyata keçirilən dövlət siyasəti, əldə edilən uğurlar və həllini gözləyən problemlər barədə ətraflı məlumatlar verib. O deyib ki, gender bərabərliyi, qadınların dövlətin və cəmiyyətin idarə olunmasında rolunun artırılması,  qadınların cəmiyyəti bütün sahələrində, o cümlədən biznesdə də rolunun genişləndirilməsinə dəstək, qadınlara qarşı bütün növ zorakılıq hallarına qarşı kəskin mübarizə aparılması Azərbaycan dövlətinin prioritetləri sırasındadır. Millət vəkili Azərbaycanda qadınların cəmiyyətdə, ictimai siyasi həyatdakı rolunun artırılması istiqamətində görülən işlər, həyata keçirilən proqramlar barədə danışıb. Azərbaycanda qadınlara seçki hüququnun hələ 1918-ci ildə verildiyini qeyd edən Milli Məclisin üzvü Qənirə Paşayeva bununla Azərbaycanın nəinki Şərqdə, həm də dünyanın bir sıra ölkələri ilə müqayisədə qadınlara seçib-seçilmək hüququ verən ilk dövlətlərdən biri olduğunu söyləyib. Qənirə Paşayeva bildirib ki, bu gün Azərbaycan qadını ictimai həyatın hər bir sahəsində fəallıq göstərir. Qadınlar əsasən təhsil, mədəniyyət, səhiyyə və sosial müdafiə kimi sahələrdə üstünlük təşkil edirlər. Lakin son illər qadınların həm də siyasi və ictimai qərar qəbuletmə səviyyəsində iştirakı artıb və artmaqda davam edir. Millət vəkili Q.Paşayeva Azərbaycanda qadınların cəmiyyətdə rolunun genişlənməsi istiqamətində həyata keçirilən işlərlə barəbər Azərbaycanla da bağlı geniş məlumatlar verib və hər kəsi ölkəmizə dəvət edirik, Azərbaycanı yaxından tanımaqdan məmun  olacaqsınız deyib.Millət vəkili konfransdan sonra dünyanın müxtəlif ölkələrindən gəlmiş bir sıra nüfuzlu qadınlarla da görüşüb və əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzində olub.  Konfrans və görüşlərdə Tibb elmləri üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva, QHT rəhbəri Sürəyya İsmayılova da iştirak ediblər və mövzular ətrafında fikirlərini bölüşüblər. 

Şərhlər

Çox oxunanlar