Yeni ABŞ dünyanı Rusiya ilə böləcəkmi
19.11.2016 14:40 Sosreaksiya 1275
RUSİYANIN “MONRO DOKTRİNASI” VƏ ABŞ-IN MÜMKÜN GÜZƏŞTİ...
D.Trampın seçilməsilə rəsmi Bakı üçün hansısa problemlərin yarana bilməsindən narahatlıq keçirənləri elə hakimiyyət təmsilçilərinin özləri sakitləşdirdi. Deyildi ki, Bakı respublikaçılara həmişə daha asan anlaşıb.
Biz də tərəfimizdən əlavə edərdik ki, həqiqətən də belə olubdur və hətta bir vaxt Azərbaycana qarşı tətbiq olunan məşhur 907-ci düzəlişin də qüvvəsini respublikaçı C.Buş dayandırmışdı.
Bu səbəbdən də narahat olmağa dəyməz, ən azı ona görə ki, hətta problem yaranarsa, hakimiyyət özünü hifz etmək üçün bir yol tapacaq...
Əvəzində isə böyük siyasətə minnətdar olaq ki, bizə belə maraqlı anlar yaşadır. İndi hara baxırsan, nəyi oxuyursan, hamı ABŞ-dakı seçkiləri və bir də D.Tramp cənablarını müzakirə edir....
Siyasətdən uzaq olanlar və onunla maraqlanmayanlar belə özlərini hansısa fikir söyləməkdən, hətta proqnoz verməkdən saxlaya bilmirlər.
Bunun bir səbəbi ABŞ-ın dünyadakı yeri və roludursa, digər səbəbi də bu seçkinin demək olar ki, əvvəlkilərinə heç bənzəməməsidir...
Belə vəziyyəti şəxsən mən 90-cı illərdə V. Jirinovski və partiyası Rusiya Dumasına keçərkən yaşamışdım. Bəli, D.Tramp da V.Jirinovski kimi o qədər “sadə”dir ki, lap Q.Markesin “Patriarxın payızı” əsərində deyildiyi kimi, bu sadəliyə baxanda adamın bədənindən üşütmə keçir...
Düzdür, sonradan məlum oldu ki, V.Jirinovski Rusiya cəmiyyətindəki aqressiyanı özünə çəkən və onu idarəolunan vəziyyətə gətirən çox gözəl “hopdurucu”dur. Üstəlik, o qədər gözəl “hopdurucudur” ki, digərləri də onu bu məqsədlə istifadə etməyə başladılar. Ümid edək ki, elə Trampla bağlı da belə olacaq...
Qərəz, indi hamını yalnız bircə sual düşündürür. Görən, D.Tramp özünün seçki vaxtı dediklərinə nə qədər sadiq qalacaqdır? Məsələ bundadır ki, əgər o, seçkilər vaxtı dediklərini edərsə, dünya həqiqətən məhvərindən çıxar...
Üstəlik, D.Tramp təkcə ona səs verməyənləri təlaşlandırmır. Bütün dünya təlaş içindədir.
"B.Obama hakimiyyətin “hamar keçid”ini təmin etmək və Trampın gəlişindən təlaş duyan ölkələri sakitləşdirmək üçün özünün son dünya turuna çıxıb. Təsəlli tələb edən və aydınlıq gətiriləsi məqamlar isə həqiqətən də çoxdur... " |
Bəli, böyük ehtimalla NATO yarandığı gündən düz bu vaxta qədər onun strateqləri belə sual dolu anlar yaşamamışdılar...
Avropa Birliyi isə belə həyəcanı bəlkə də Böyük Britaniya Birlikdən çıxan zaman görmüşdü...
Hal-hazırda bir neçə tapmaca, bəli, elə həqiqətən də geosiyasi tapmaca, dünyanın bütün “beyin mərkəzləri”ni düşündürməkdədir...
Birincisi, hamı gözləyir ki, görən, Rusiya ilə münasibətlər necə qurulacaq?
Rusiya D.Tramp seçiləndən sonra əsl eyforiya içindədir. Gəl ki, D.Tramp özü bu məsələyə hələ də tam aydınlıq gətirməyə tələsmir – təbrik də olub, V.Putinlə telefon danışığı da baş tutub, amma D.Tramp hələ susur, geniş açıqlamalar vermir. Hərçənd, onun yanvar ayında andiçmə mərasimindən dərhal sonra Rusiyaya səfərə yollanacağı və bu minvalla D.Trampın səfər edəcəyi ilk ölkənin Rusiya olacağı bildirilir...
Bir tərəfdən baxanda, Rusiya ilə münasibətlərin normallaşmasında qeyri-adi bir şey yoxdur. Elə prezident B.Obama da bir vaxtlar deyirdi ki, indi soyuq müharibə dövrü deyil, çünki Rusiya dünya üçün artıq təhlükə ola biləcək hər hansı qlobal ideya daşımır...
Üstəlik, ABŞ-ın xarici siyasətində şok xarakterli dönüşlər əvvəllər də olub. Gəl, Rusiyanın bütün MDB məkanındakı münaqişələrin arxasında dayanması bir tərəfə, bu ölkə açıq şəkildə Krımı ilhaq edib. Necə olacaq və D.Tramp bu məsələyə göz yumacaqmı?..
Çox adam, o cümlədən də ABŞ-ın xarici siyasət patriarxlarından biri hesab olunan məşhur H.Kissincer də düşünür ki, prezidentliyə başlayandan sonra D.Trampın çox məsələlərə münasibəti cilalanacaq...
Nə demək olar? Hər bir halda, keçmiş dövlət katibi siyasətçiləri, xüsusən də ABŞ prezidentlərini daha yaxşı tanıyır..
İkinci məsələ İranla sazişə münasibətdir.
Güman ki, D.Tramp bu yolla yəhudi elitasını və ya İsraili öz tərəfinə çəkmək istəyir. Amma burada da bir ziddiyyət var.
Bir tərəfdən deyir ki, ABŞ hətta B.Əsədə qarşı vuruşmayacaq və onun ölkəsi bundan sonra digər ölkələrdə hakimiyyətləri dəyişməyə çalışmaq niyyətində deyil. Digər tərəfdən də İranı hədələyir. Görünür, İran Tramp üçün təkcə hakimiyyət məsələsi deyil...
Üçüncü əsas istiqamət isə Avropa ilə bağlı siyasətdir.
Bəli, neçə müddətdir, artıq yarım əsrdən də çoxdur ki, Avropada təhlükəsizlik və əməkdaşlıq arxitekturası formalaşıb.
D.Tramp bunu da təftiş etməyə və diqqəti belə bir detala yönəltməyə çalışır ki, sadəcə, ölkəsini NATO-nun yükündən xilas etmək istəyir, çünki Alyansın xərclərinin 70 faizini ABŞ ödəyir.
Əslində burada bir məntiq vardır. Avropa indi əlli bundan əvvəlki kontinent deyil və avropalılar da başa düşməlidir ki, təhlükəsizlik üçün də pul ödəmək lazımdır, xüsusən də nəzərə alanda ki, kontinentin belə imkanı vardır...
Doğrusu, D.Trampın NATO ilə bağlı dedikləri bizi hər şeydən az qayğılandırır. Ona görə ki, keçmiş Yuqoslaviyadan başqa heç bir yerdə bu blok bir işə yaramayıb. Biz də onlardan çox şey umurduq, üstəlik, biz bir tərəfə, Gürcüstan kimi israrla NATO-nun qapılarını döyən ölkələr var, amma bu qapılar onların üzünə açılmır ki, açılmır...
Digər məsələ sözsüz ki, Yaxın Şərqdəki siyasətdir.
Rusiya ilə anlaşmanın ən çox bu müstəvidə baş verəcəyi düşünülür.
D.Trampın B.Əsədə münasibəti bir az fərqlidir və Rusiyanın orada iştirakı da onu o qədər də əndişələndirmir. Amma bu, Yaxın Şərqdir və böyük neft hövzəsidir...
Rusiya həmişə Yaxın Şərqə can atıb. Elə Azərbaycanın da onun gözündə qiymətə minməsi daha çox onunla bağlıdır ki, bura həqiqətən də Şərqin qapısıdır – təkcə bizim şairlərin uydurması deyil bu epitet...
Amma ABŞ nə edəcəkdir? Görən, o, Rusiya ilə bu bölgəni beləcə asanlıqla bölüşəcəkmi? Qəti cavab vermək istəmirik, hər halda, zaman hər şeyi göstərəcək, özü də tez bir vaxtda...
Təbii, bizim üçün ən maraqlısı bir daha ABŞ-ın Qafqazdakı siyasəti və xüsusən də Qarabağ üçün gözləntilərdir.
İndi hamı dünyanın yenidən bölüşdürülə bilməsindən yazır. Nə demək olar? ABŞ-ı deyə bilmərəm, Rusiyanın D.Trampdan ən böyük umacaqları da elə budur.
Sözsüz, sanksiyaların götürülməsi və s. məsələlər də Moskva üçün az əhəmiyyət kəsb etmir. Amma hətta bu sonuncular da müəyyən mənada bir sualdan asılıdır: ABŞ Rusiya ilə dünyanı bölüşəcəkmi?..
Burada bir maraqlı detal yadıma düşür. 90-cı illərdə dəbdə olan politoloqlardan biri – A.Miqranyan (onda Rusiyada Prezident Şurasının üzvü idi!) “Nezavisimaya qazeta” da böyük yazı ilə çıxış etmişdi.
Yazının məğzi də bu idi ki, nə qədər, Rusiya böhrandan çıxmayıb ətrafındakı ölkələrdəki münaqişələrin sönməsinə imkan verməməlidir...
Tezliklə həmin o yazı təhlilçilər və politoloqlar arasında Rusiyanın “Monro doktrinası” adını aldı. Yada salım ki, Monro doktrinası 18-ci əsrdə meydana çıxan, Amerikanı bilavasitə ABŞ-ın maraq sferası elan edən və buranı Avropanın üzünə qapamağı nəzərdə tutan konsepsiya idi...
Sonrakı dövrdə elə belə də oldu, Rusiya vaxtaşırı işarə vurmağa başladı ki, MDB məkanı məhz onun özəl nüfuz sferasıdır...
Demirəm ki, A.Miqranyan belə yazdı və ona görə də belə oldu. Yox, o, yazmasaydı da, başqa birisi bunu edəcəkdi. Bizim üçün isə dərs bu, oldu ki, ermənilərin Rusiya siyasətini yönəltmək imkanları həmişə daha çox olub...
Düzdür, ABŞ onsuz da ən azı Qafqazdakı problemlərə Rusiya konteksindən yanaşır və onun bu bölgə açıq geosiyasi maraqları yoxdur. Amma Rusiya təkcə MDB ilə məhdudlaşmaq istəmir. Rus bombalarının səsi artıq Yaxın Şərqdə eşidilir. Deməli, Rusiya daha çox yerə iddia edir. Amma bütün bunları D. Tramp ona verəcəkmi? Nəsə heç inana bilmirik. Əgər belə olarsa, o, ABŞ-ın böyük bir hərb və təhlükəsizlik maşını ilə üz-üzə gələ bilər ki, bunu da ona heç arzulamazdıq...
Bir daha Qarabağ probleminə gəldikdə, bu baxımdan indi maraq doğura biləcək iki əsas detal var.
Biri prezidentlərin dekabrda Hamburqda keçiriləcəyi proqnozlaşdırılan görüşüdür. Amma ümidlər elə də böyük deyil və artıq indidən pessimist proqnozlar səslənir.
Ona görə ki, bölgədəki hərbi proseslər yenə də diplomatiyanı üstələməyə başlayıb. Rusiyanın Ermənistanla hərbi əməkdaşlığı yenə də çox intensiv xarakter alıb.
Hazırda iki ölkə birgə hərbi birləşmələr yaratmaqda və hətta vahid komandanlığa keçməkdə israrlıdırlar. Nə etmək olar? Bizə elə gəlir ki, belə olan təqdirdə Azərbaycan da ən azı Türkiyə ilə daha sıx, intensiv hərbi inteqrasiyaya start verməlidir...
Qərəz, növbəti il maraqlı olmağı vəd edir. Siyasi təhlilçilər üçün elə bunun özü də az deyil. Dünyanın yeknəsəqliyi, statikliyi bizi də yorurdu. İndi isə ən azı maraqlı olacaq...
Amma tək maraqla da iş bitmir. İstərdik ki, növbəti il bizim üçün həm də uğurlu olsun. Olacaqmı? Təəssüf ki, tək bizdən asılı deyil bu...
Şərhlər