Dövlət Xidməti: Yeni tip "quş qripləri" insanlar üçün təhlükəli deyil
30.11.2016 14:36 Sosreaksiya 1186
Hazırda quşlar arasında qeydə alınan yüksək patogenli H5N8 və H5N2 quş qripi xəstəliyi insanlar üçün təhlükəli deyil və bu xəstəlik quşlardan insanlara keçmir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli Trend-ə bildirib ki, quş qripinin yüksək patogenli H5N8 və H5N2 tipləri hələ mutasiya olunmadığından xəstəlik insanlara keçmir, yalnız quşlar arasında yayılır:
“Ancaq bəlkə gələcəkdə elə hal olar ki, bu tplər də N5N1 kimi insan üçün təhlükə törətsin. H5N8 və H5N2 yeni quş qripi xəstəliyi deyil. Bu, quş qripinin qeydə alınan 17-18 tipindən biridir. Qeydə alınan bu tiplər insan üçün təhlükəli deyil. Bu tiplər yalnız quşları tələf edərək təsərrüfatlara böyük iqtisadi ziyan vururlar”.
Y.Xanvəli əlavə edib ki, İranın Tehran bölgəsində iki damazlıq quşçuluq təsərrüfatında ev quşları arasında yüksək patogenli quş qripinin (H5N8) aşkarlanması ilə əlaqədar İrandan Azərbaycana diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.
H5N8 və H5N2 quş qripi xəstəliyinin Avropa ölkələrində də yayıldığını deyən DBX rəsmisi qeyd edib ki, Avropa ölkələri Azərbaycanla həmsərhəd olmadığına, eləcə də həmin ölkələrdən diri quş və quş əti alınmadığına görə, həmin məhsulların idxalı ilə bağlı rəsmi qadağanın qoyulmasına ehtiyac yoxdur.
Y.Xanvəlinin sözlərinə görə, DBX yalnız Ümumdünya Heyvan Sağlamlıq Təşkilatının (Beynəlxalq Epizodik Büro) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatlarına və ölkələr arasındakı informasiya mübadiləsinə əsaslanaraq qadağalar tətbiq edilir.
DBX rəsmisi qeyd edib ki, hazırda Azərbaycana diri quş, quş əti və damazlıq yumurtaları epizodik vəziyyətin sabit olduğu ölkələrdən – Türkiyə, Ukrayna, ABŞ, Braziliyadan gətirilir.
Şərhlər