Səudiyyə Ərəbistanından məcburi köçkünlərə humanitar yardım göndərilib
02.12.2016 12:47 Sosreaksiya 1262
Səudiyyə Ərəbistanı Krallığı tərəfindən məcburi köçkünlərə humanitar yardım göndərilib.
Bu barədə Trend-ə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Səudiyyə Ərəbistanı Krallığının İslam İnkişaf Bankının xətti ilə “2016-ci il Həcc mövsümünün Qurban ətindən istifadə layihəsi” çərçivəsində humanitar yardım olaraq Azərbaycandakı məcburi köçkünlərə 37 ton 300 kiloqram qurbanlıq əti gətirilib. Səudiyyə Ərəbistanı Krallığının dünyanın hər yerində ehtiyacı olan insanlara qardaşlıq yardımı çərçivəsində həyata keçirdiyi bu layihəyə uyğun olaraq, Azərbaycandakı məcburi köçkünlərə humanitar yardım kimi göndərilən beş min cəmdəyin qablaşdırıldığı hər biri 10 kiloqram olmaqla 3730 qutudan ibarət humanitar yardım Komitənin Təchizat və istehsalat İdarəsinin, Regional idarəetmə, sosial təminat və humanitar yardım şöbəsinin, həmçinin müvafiq rayon icra hakimiyyətlərinin əməkdaşlarının iştirakı ilə nəzərdə tutulmuş ərazilərdə - məcburi köçkünlərin sıx məskunlaşdıqları Füzuli rayon ərazisindəki yeni qəsəbələrdə, Biləsuvar və İmişli rayonları ərazisində yeni salınmış qəsəbələrdə və Beyləqan rayonu ərazisində Xocavənddən olan məcburi köçkünlər üçün salınmış 500 ailəlik qəsəbələrdə yaşayan məcburi köçkün ailələrinə paylanılması üçün adı çəkilən rayonların icra hakimiyyətlərinə təhvil verilib.
Bu gün ən böyük donor ölkə və beynəlxalq inkişafın əsas tərəfdaşı hesab olunan və humanitar aksiyaların maliyyələşdirilməsi üçün xeyriyyə yardımlarına görə son illər dünya dövlətlərinin ön sıralarında gedən Krallıq tərəfindən göstərilən bu humanitar yardıma görə məcburi köçkün soydaşlarımız Azərbaycan Respublikasının Prezidentinə və Səudiyyə Ərəbistanı Krallığına dərin minnətdarlıqlarını bildirmiş, ölkələrimiz arasında humanitar əməkdaşlığın bundan sonra da yüksək səviyyədə və davamlı inkişaf edəcəyinə əminliklərini ifadə etmişlər.
Humanitar yardımın paylanmasında Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müsaid bin İbrahim əs-Süleym, İslam İnkişaf Bankının nümayəndələri də iştirak ediblər. Onlar bundan sonra da Krallıq tərəfindən Azərbaycandakı məcburi köçkünlərə bu cür humanitar yardımların davam etdiriləcəyini bildiriblər.
Şərhlər