Gələn ildən dərmanlarla bağlı yeni QADAĞA qüvvəyə minəcək
05.12.2016 12:18 Sosreaksiya 1272
Gələn il yanvarın 1-dən etibarən istifadə təlimatı Azərbaycan dilində olmayan və Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən təsdiqlənməmiş formada olan dərman vasitələrinin idxalına icazə verilməyəcək.
Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanov deyib.
Mərkəz direktorunun sözlərinə görə, bu barədə dərman vasitəsi idxalçıları və xarici istehsalçı müəssisələrin rəsmi nümayəndəliklərinə həm şifahi, həm də yazılı qaydada dəfələrlə xəbərdarlıq edilib.
M.Süleymanov qeyd edib ki, bu məsələ ilə bağlı indiyədək dərman vasitəsi idxalçıları və xarici istehsalçı müəssisələrin rəsmi nümayəndəliklərindən narazılıq qeydə alınmayıb.
O əlavə edib ki, istifadə təlimatı istehlakçının dərman vasitəsindən düzgün istifadə etməsi üçün zəruri məlumatları özündə əks etdirən mühüm vasitədir:
"İstifadə təlimatında dərman vasitəsinin farmakoloji xüsusiyyətləri, istifadəsinə dair göstəriş və əks göstərişlər, digər dərman vasitələri ilə qarşılıqlı təsiri, hamiləlik və laktasiya dövründə istifadəsi, dərman vasitəsinin istifadə qaydası, əlavə təsirləri, doza həddinin aşılması zamanı yaranan simptomlar və onların müalicəsi, dərman vasitəsinin saxlanması (temperatur rejimi və dərman vasitəsinin saxlanması üçün tələb edilən digər şərtlər) qaydaları, yararlılıq müddəti, aptekdən buraxılma şərti (resept əsasında və ya reseptsiz) kimi dərman vasitəsilə düzgün davranış qaydalarını müəyyən edən məlumatlar öz əksini tapır. Məhz buna görə “Dərman vasitələri haqqında” qanunun 11-ci maddəsinə, eləcə də Nazirlər Kabinetinin 13 iyul 2007-ci il tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”na 10 nömrəli Əlavəyə əsasən, dərman vasitələrinin istifadəsinə aid təlimatın mətni Azərbaycan dilində və istehlakçı üçün aydın şəkildə tərtib olunmalıdır".
M.Süleymanov bildirib ki, “Dərman vasitələri haqqında “ qanununun 11.2-ci maddəsinə əsasən, dərman vasitələrinin istifadəsi təlimatları müvafiq icra hakimiyyəti orqanı - Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir.
Şərhlər