Zığ-Əmircan-Yeni Suraxanı yolunun bir hissəsinin yenidən qurulması işləri yekunlaşıb

05.12.2016 13:08     Sosreaksiya     1306

Suraxanı rayonunun Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 5 kilometrlik hissəsinin yenidən qurulması işləri “Azəravtoyol” ASC tərəfindən yekunlaşdırılıb.

“Azəravtoyol”un mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sözügedən avtomobil yolunun tikintisi Bakı şəhəri Suraxanı rayonunun Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq aparılıb.

Məlumata əsasən, avtomobil yolunun hərəkət hissəsinin eni 9-10 metr arası dəyişir.

Görülən işlər çərçivəsində zəruri olan yerlərdə yol yatağının yararsız qruntu 1-1,5 metr dərinlikdə qazılaraq çıxarılıb. Daha sonra karbonat materialı tökülərək yeni yol yatağı, qum-çınqıl qarışığı və optimal qırmadaş qarışığından ibarət yol əsasının inşası aparılıb. Yolboyu yeraltı kommunikasiya xətləri yeniləri ilə əvəzlənib, bəziləri yolun hərəkət hissəsindən kənara çıxarılıb.

Bundan başqa, köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb, hərəkət hissə asfaltlanması üçün hazır vəziyyətə gətirilib və yola ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə yolun hərəkət hissəsi, giriş yollar və səkilər də daxil olmaqla 73 min kvadratmetr sahə asfaltlanıb.

Layihə çərçivəsində vətəndaşların avtomobil yolunun kənarı ilə təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yolboyu zəruri olan yerlərdə hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkilərinin tikintisi işləri də aparılıb. Səkilərin kənarına 6 min poqonmetr yeni səki daşları düzülüb. Sərnişin avtobuslarının ümumi hərəkətə mane olmadan dayanacaqlara giriş-çıxışını təmin etmək üçün 9 ədəd uzunluğu 20 metr, eni isə 3 metr olan xüsusi “cib”li avtobus dayanacağı inşa olunub. Səth və qrunt sularının ötürülməsi üçün zəruri olan yerlərdə drenaj borular qoyulub.

Bütün işlər tərtib olunmuş cədvələ uyğun texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb.

Qeyd olunub ki, Zığ-Suraxanı avtomobil yolunun tikintisi ilə 3 yaşayış məntəqəsinin 63 min nəfər əhalisinin gediş-gəlişi xeyli rahatlaşacaq.

Şərhlər

Çox oxunanlar